İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 

Dövlət quruculuğunda vətəndaş cəmiyyətinin müstəsna rolu var.

Vətəndaş cəmiyyəti hərfi mənada dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sferadır. Vətəndaş cəmiyyətinin müxtəlif prisipləri və fəaliyyət istiqaməti var. 

Belə ki, iqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri, insan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması, qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi, hakimiyyətin legitimliyi və demokratik xarakteri, hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət, siyasi və ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu, KİV-in müstəqilliyi, fikir, söz, mətbuat azadlığı, dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri və öhtəlikləri, sinfi sülh, əməkdaşlıq və milli barışıq, insanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət və digər buna bənzər amillər vətəndaş cəmiyyətinin fəaliyyətinin əsas prinsipləri hesab olunur.

Vətəndaş cəmiyyəti nümayəndələri demokratik cəmiyyətinin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində önəmli rol oynayır, eyni zamanda dövlət qurumlarında İctimai Şuralar formasında nəzarət funksiyası həyata keçirir. İctimai şuraların fəaliyyinə münasibət birmənalı olmasa da, ümumi olaraq bunun özü də bəyənilən təşəbbüsdür. Ən azında ictimai şuraları olan qurumlar fəaliyyətlərində müəyyən redaktələrə gedir ki, bu da ümumi prosesə müsbət təsirini göstərir.

Bununla yanaşı vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə də QHT-lər və media təmsilçiləri bir sıra qanununların müzakirəsində, ictimai dinləmələrdə fəal iştirak edirlər. Bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən əsas amillərdən hesab olunur. Nəzərə alınmalıdır ki, son zamanlar bir sıra QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər.

Bunun nəticəsidir ki, artıq bir sıra qeyri-hökumət təşkilatları qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar. Bu baxımdan cəmiyyətin demokratikləşməsində vətəndaş cəmiyyətinin də rolunu inkar etmək olmaz. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində davamlı fəaliyyətlər icra olunmaqdadır: 

“Bu proses maraqlı tərəflərin iştirakı ilə inkişaf edən vacib sahədir. Azərbaycan dövləti demokratiya, insan hüquqları və digər ümumbəşəri dəyərlərlə hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Hüquq sisteminin dövrün müasir çağırışlarına adekvat cavab verməsi olduqca vacibdir.

Müasir dövrün tələblərinə cavab verən hüquq sistemi cəmiyyətdə ədalətin və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Bu gün bir çox hökumətlər hüquq sistemlərini təkmilləşdirmək məqsədi daşıyan islahatlar həyata keçirir. Yaxşı islahatların həyata keçirilməsi üçün bu prosesdə vətəndaş cəmiyyətinin səyləri də nəzərə alınmalıdır”. 

QHT sədrinin fikrincə, vətəndaş cəmiyyəti bu prosesdə həyati və hətta zəruri rol oynamalıdır. İslahatlar prosesində ümumilikdə maraqlı tərəflərin iştirakı təmin olunmalıdır ki, bu islahatlar da cəmiyyətin ümumi maraqlına xidmət etsin: 

“Fərqli tərəflər arasında bəzən müzakirələrdə fikir ayrılığı görünə bilər. Bu, vətəndaş cəmiyyəti ilə hökumət nümayəndələri arasında mümkündür. Bu prosesin tarazlaşdırılması mühüm əhəmiyyət kəsb edir və onlar arasında koordinasiya vacib amildir. Müvafiq aktorlar arasında koordinasiyanın qurulması islahat prosesində daha çox iştiraka imkan verir.

Bu amil məhz vətəndaş iştirakçılığının təmin olunmasıdır. Deyərdim ki, islahat prosesində iştirak etmək və daha çətin islahatlara təkan vermək üçün seçilmiş sektor məhz QHT sektorudur. Bu təkan həm də islahatların əhatəsini genişləndirir. Azərbaycanda da məhz bu qeyd etdiyimiz proseslərdə vətəndaş cəmiyyəti mühüm rola malikdir. Bunun üçün qanunvericilik bazasında imkanlar da var. Bu gün Azərbaycanın QHT sektoru vətəndaş iştirakçılığının müxtəlif və bütün pillələrində təmsil olunur.

Anlayırıq ki, hər zaman effektiv və tam təmsilçilik olmasa da, ümumilikdə bu proses daim irəliləyən və inkişaf edən istiqamətdədir. Bu gün dövlət qurumları fəaliyyətlərində müxtəlif səviyyələrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir və müzakirələr aparırlar. QHT-lərin təklifləri nəzərə alınır və yaxud müxtəlif məsələlərlə bağlı birgə fəaliyyətlər həyata keçirilir. Bu əməkdaşlığın uğurlu alınmasında dövlət qurumlarının və QHT-lərin üzərinə ayrı-ayrılıqda mühüm öhdəliklər düşür.

QHT-lərin uyğun sahələr üzrə işi, ixtisaslaşma həyata keçirməsi, onların peşəkar fəaliyyəti üçün vacib amildir. Bəzən şahidi oluruq ki, müzakirələrdə iştirak edən QHT-lər müvafiq sahə üzrə ya təcrübəsi yoxdur və yaxud peşəkarlığı zəifdir. Əlbəttə, bu kimi amillər də QHT-lərin nüfuzuna xələl gətirir”. 

C.Hüseynzadə əlavə edib ki, bu məsələdə yaxşı təcrübə də var və onun üçün xeyli nümunələr çəkmək olar: 

“Xatırladım ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın hazırlanmasında QHT-lər yaxından iştirak etdi və QHT-lərin xeyli təklifi də həmin Milli Fəaliyyət Planlarına daxil edildi.

Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətin roluna toxunarkən QHT-lərin Mili Fəaliyyət Planları da daxil olmaqla fəaliyyətlərinin qiymətləndirilmsi və alternativ hesabatlarının hazırlanması da xüsusi rola malikdir. Bu işdə də peşəkar vətəndaş cəmiyyəti təşkilatları var.

“Hüquqi dövlət quruculuğunda vətəndaş vətəndaş cəmiyyətinin fəaliyyəti qənaətbəxşdirmi?” sualına QHT nümayəndəsi olaraq cavab verdiyim üçün yaxşı təcrübəni qeyd etməklə yanaşı, daha aktiv fəaliyyətimizə də ehtiyac duyulduğu fikrindəyəm. Artıq regionda yaranmış yeni geosiyasi reallıq təkcə dövlətlərarası münasibətlər aid deyil. Eyni zamanda, yeni reallıqlar çərçivəsində QHT-lər fəaliyyətlərini müasir çağırışlara uyğun qurmalıdır”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebhe.info"