“Tibb hüququ, əsasən icbari tibbi sığortanın tədqiqi, tibbin inkişafı, tibb hüquqlarının reallaşdırılması, bu sahədə olan problemlər, pensiya hüququnun reallaşdırılması, bununla bağlı problemlər, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, şəhid ailələri, müharibə əlilləri, müharibədən zərər çəkmiş şəxslərin hüquqları ilə bağlı araşdırmalar aparırıq”.  

Bu sözləri Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev QHT.az- a açıqlamasında bildirib. Ödənişsiz hüquqi yardım həyata keçirdiklərini qeyd edən QHT sədri sosial inkişafla bağlı layihələrə dəstək verdiklərini də bildirib: “Təşkilatımız xüsusi olaraq formalaşdırılıb. İstiqamətlərimizdən biri sosial hüquqların müdafiəsi, digəri sosial hüquqlar sahəsində araşdırmaların aparılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan olduğu üçün onların görə bilmədiyi digər işləri biz həyata keçiririk. Belə ki, biz bu Nazirliklə mütəmadi olaraq əməkdaşlıq edirik. Hal-hazırda mənim bir layihəm Gəncə və Ağstafada davam edir. Müharibədən zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, ödənişsiz hüquqi və psixoloqlarımız tərəfindən psixoloji yardım göstəririk, motivasiya düşərgəmiz var”.

Qeyd edək ki, təşkilat gələcək aylar və il üçün konkret olaraq plan müəyyənləşdirməyib. Artıq bir neçə layihə təqdim ediblər. Təşkilatın Hüquq klinikası il boyu fəaliyyətini davam etdirir. Vəkillər və vəkilliyə namizəd olan insanlar sosial hüquqlarla bağlı az bilgili olduğu üçün onlara ödənişsiz olaraq peşəkar təlim təşkil etməyi düşünürlər.

 

Pərvanə Fərhadqızı