Qeyri-hökumət təşkilatları cəmiyyətin rifahı və sosial problemlərin həlli üçün vacib rol oynayır. Bu təşkilatların nümayəndələri, hər gün müxtəlif sahələrdə fədakarlıqla çalışaraq, insanların həyatlarını daha yaxşı etmək üçün özlərini həsr edirlər. Bu rubrikamızda QHT nümayəndələrinin iş və istirahət həyatlarına nəzər salacağıq, onların qarşılaşdıqları çətinlikləri, şəxsi təcrübələrini və istirahət üçün tətbiq etdikləri metodları müzakirə edəcəyik.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az-a açıqlamasında qeyri-hökumət təşkilatlarında iş və istirahət balansının təmin edilməsinin çətinliyindən bəhs edib. O, demək olar ki, uzun illər istirahətsiz çalışdığını, il ərzində yalnız 3-4 gün istirahət edə bildiyini vurğulayıb.

Səməd Vəkilov qeyd edib ki, bu vəziyyət yaxşı təcrübə deyil və istirahət etməyin işin daha ahəngdar getməsi üçün vacib amillərdən biri olduğunu bildirib. Qeyri-hökumət təşkilatlarının rəhbərlərinin əksəriyyətinin başqa işlərdə çalışdıqlarını və buna görə də istirahət məsələsində bəxtlərinin o qədər də gətirmədiyini söyləyib.

Bu vəziyyətin səbəbini QHT-lərin dayanıqlı maliyyə imkanlarının olmaması ilə əlaqələndirən Səməd Vəkilov, istirahət hüququnun təmin olunması üçün qeyri-hökumət təşkilatlarının dayanıqlı maliyyə mənbələrinin olmasının zəruri olduğunu vurğulayıb.

Onun fikrincə, iş və istirahət balansının təmin edilməsi üçün maliyyə dayanıqlığının artırılması, rəhbərlərin və işçilərin istirahət hüquqlarının qorunması istiqamətində tədbirlər görülməlidir. Bu, qeyri-hökumət təşkilatlarının daha səmərəli və davamlı fəaliyyət göstərməsi üçün vacibdir.

 

 

Pərvanə Fərhadqızı

QHT.az