"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı, QHT.az-a verdiyi açıqlamada təşkilatın daxili işləri və layihələrin icrası ilə bağlı çətinliklərdən bəhs edib. O, təşkilatın işinin təşkili, heyətlə işin təşkil olunması və davamlı təkmilləşdirilməsi istiqamətindəki gündəlik işlərin, layihələrin icrası zamanı icra prosesinin təşkilinin, hesabat materiallarının toplanması və qüsursuz olaraq ardıcıl yığılmasının təşkilinin şəxsi istirahət etməyə imkan vermədiyini bildirib.
Çingiz Ramazanlı qeyd edib ki, artıq neçə ildir təşkilatın iş üslubu bu templə davam edir və bu səbəbdən şəxsi istirahət etmək üçün vaxt tapmaq olduqca çətin olur. Təşkilatın strateji planına uyğun olaraq və rüblük görüşlərin keçirilməsi ilə əlaqədar fəaliyyətlərin çoxluğu, işin davamlı və ardıcıl şəkildə aparılmasını tələb edir.
Bu vəziyyət, qeyri-hökumət təşkilatlarının dayanıqlı maliyyə imkanlarına malik olmamaları və bu səbəbdən iş və istirahət balansını təmin etməkdə qarşılaşdıqları problemləri bir daha göstərir.
Pərvanə Fərhadqızı
QHT.az












