44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...
Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.
Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq:
Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.
Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.
Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.
2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.
vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.
Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...
27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.
29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.
9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.
Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə,
“Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.
Allah rəhmət eləsin!
İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM!
Subut Mehdiyev,
“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri












