17 may tarixində keçiriləcək buraxılış və əlavə imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi abituriyentlərə mühüm xəbərdarlıq edib. Minlərlə şagirdin iştirak edəcəyi imtahanlar öncəsi hazırlıq prosesi, psixoloji vəziyyət və qaydalara əməl olunması əsas müzakirə mövzularından biridir.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlama verib.
Məzahir Məmmədli bildirib ki, DİM sistemi artıq cəmiyyət üçün kifayət qədər tanış mexanizmə çevrilib: Dövlət İmtahan Mərkəzi sistemi artıq həm şagirdlərə, həm də tələbələrə kifayət qədər tanışdır. Bu baxımdan DİM-in qabaqlayıcı tədbirlər görməsi məqsədəuyğundur.
Ekspert vurğulayıb ki, uzun illərdir tətbiq olunan imtahan sistemi barədə insanlar geniş məlumata malikdir: Ümumilikdə demək olar ki, cəmiyyət bu proses barədə məlumatlıdır. Çünki hər kəsin ailə üzvləri, yaxınları və ya özü bu imtahan sistemində iştirak edib. Artıq uzun illərdir ki, bu sistem Azərbaycanda fəaliyyət göstərir və əsas qaydalar hamıya məlumdur.
M.Məmmədlinin sözlərinə görə, bəzi hallarda imtahan prosesində mübahisəli məqamlar ortaya çıxır: Bununla belə, bəzən müəyyən mübahisəli məqamlar da ortaya çıxır. Məsələn, ötən il baş vermiş bir hadisədə eşitmə problemi olan bir abituriyentin imtahan zamanı xüsusi qulaqcıqdan istifadə etməsi anlaşılmazlıq yaratmış və nəticədə həmin şəxs imtahan zalından kənarlaşdırılmışdı.
Təhsil eksperti qeyd edib ki, belə problemlərin qarşısını almaq üçün daha dəqiq yoxlamalar aparılmalıdır: Bu kimi halların qarşısının vaxtında alınması üçün Dövlət İmtahan Mərkəzi imtahan öncəsi müvafiq cihazlar və mütəxəssislərlə daha dəqiq yoxlamalar aparmalıdır. Lakin görünür ki, bu sahədə hələ də müəyyən boşluqlar mövcuddur.
Məzahir Məmmədli bildirib ki, texniki vasitələrlə bağlı qaydalar əvvəlcədən konkret şəkildə müəyyən edilməlidir: Eyni zamanda, DİM qaydaları elan edərkən bu tip texniki vasitələrin (məsələn, eşitmə cihazları, xüsusi eynəklər və s.) istifadəsi ilə bağlı əvvəlcədən aydın və konkret standartlar müəyyənləşdirməlidir. Hansı hallarda bu vasitələrə icazə verildiyi, hansı hallarda isə qadağan olunduğu dəqiq şəkildə göstərilməlidir.
Ekspert əlavə edib ki, sərt xəbərdarlıqlar abituriyentlərdə əlavə psixoloji gərginlik yarada bilər: Ümumilikdə hesab edirəm ki, bu cür qaydaları sadəcə sərt xəbərdarlıqlarla təqdim etmək əlavə psixoloji gərginlik yarada bilər. Abituriyentlər üçün bu, imtahan öncəsi əlavə stress faktoruna çevrilir.
M.Məmmədlinin fikrincə, maarifləndirmə və əvvəlcədən hazırlıq daha effektiv yanaşmadır: Bu baxımdan məsələlərə daha həssas yanaşmaq, əvvəlcədən məktəblərlə işləmək, izah və maarifləndirmə aparmaq daha məqsədəuyğundur. İmtahan ərəfəsində qəfil və sərt tələblərin elan olunması isə əlavə narahatlıq yarada bilər.
Fatimə Nəbiyeva












