17 may tarixində keçiriləcək buraxılış və əlavə imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi abituriyentlərə mühüm xəbərdarlıq edib. Minlərlə şagirdin iştirak edəcəyi imtahanlar öncəsi hazırlıq prosesi, psixoloji vəziyyət və qaydalara əməl olunması əsas müzakirə mövzularından biridir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi QHT.az-a açıqlama verib.

E.Əfəndinin sözlərinə görə, 17 mayda keçiriləcək müxtəlif imtahanlarla bağlı ümumi məlumat verilir və iştirak qaydaları xatırladılır: Qeyd edim ki, 17 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən bir sıra imtahanlar keçiriləcək. İlk növbədə magistraturaya qəbul imtahanının ikinci cəhdi təşkil olunacaq. Bundan əlavə, 9 illik baza üzrə orta ixtisas təhsil müəssisələrinə müraciət edən əvvəlki il məzunları, eksternat qaydasında imtahan verən 9-cu sinif şagirdləri, eləcə də DİM tərəfindən aprel ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün də imtahanlar keçiriləcək.

Elçin Əfəndi bildirib ki, imtahanlarda iştirak edənlərdən qaydalara ciddi riayət etmək və lazımi sənədləri üzərlərində saxlamaq tələb olunur: Təbii ki, bu imtahanlarda iştirak edəcək şagirdlərdən və bakalavrlardan əsas tələb odur ki, imtahana qadağan olunan əşyalar gətirməsinlər, imtahan qaydalarına ciddi şəkildə riayət etsinlər və iştirak üçün tələb olunan sənədləri özləri ilə gətirsinlər. Yəni hər bir iştirakçının üzərində mütləq imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi olmalıdır.

Ekspert vurğulayıb ki, imtahan prosesi məsuliyyət tələb edən mərhələdir və şagirdlər diqqətli olmalıdırlar: Ümumilikdə isə imtahan prosesi elə bir mərhələdir ki, burada namizədlər maksimum diqqətli və məsuliyyətli davranmalıdırlar. Dövlət İmtahan Mərkəzinin aprel ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün yenidən imkan yaratması düşünürəm ki, alqışlanmalı addımdır. Bu, həmin şagirdlərə də buraxılış imtahanında iştirak etmək şansı verir və yaradılan bu fürsət müsbət qiymətləndirilməlidir.

O qeyd edib ki, imtahana yalnız icazə verilən vasitələrlə gəlmək qaydaların əsas tələblərindən biridir: İmtahan qaydaları ilə bağlı ən vacib məqamlardan biri də iştirakçıların imtahana yalnız tələb olunan vasitələrlə gəlmələridir. Namizədlərin üzərində əsasən imtahana buraxılış vərəqəsi, şəxsiyyət vəsiqəsi, həmçinin qara və ya göy rəngli qələm olmalıdır. Əlavə kənar əşyaların, pul vəsaitinin və elektron cihazların gətirilməsi doğru deyil. Bu, imtahan qaydalarının pozulması hesab olunur və nəticələrin ləğv edilməsinə səbəb ola bilər. Buna görə də iştirakçılar bütün qaydalara diqqətlə yanaşmalıdırlar.

Fatimə Nəbiyeva