Vətəndaş Tribunası İctimai Birliyi "Qarabağ zəfərinin əsasları" adlı layihəyə start verib. Layihə çərçivəsində Bakıda və Naxçıvanda müxtəlif əhali qrupları ilə görüşlər planlaşdırılır.
QHT.az xəbər verir ki, ilk görüş 22 avqust 2024-cü ildə Bakının Binəqədi rayonunda keçirilib. Tədbirdə yazıçı və şairlərin iştirakı ilə "Qarabağ zəfəri müasir Azərbaycan ədəbiyyatında" mövzusu müzakirə olunub. Layihə rəhbəri Səfər Alışarlı giriş sözü ilə çıxış edərək, Qarabağ zəfərinin əsasları və müasir Azərbaycan ədəbiyyatında necə əks olunduğunu izah edib. O, zəfərin siyasi, iqtisadi, hərbi və mənəvi əsaslarına toxunaraq, Azərbaycanın beynəlxalq təşkilatlarla işğal faktını dünya ictimaiyyətinə çatdırmaqda müvəffəq olduğunu vurğulayıb. Alışarlı, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfəri və bu zəfərin milli-mənəvi dəyərlərə bağlı olduğunu qeyd edib.
Tədbirdə professor İslam Sadıq müharibə mövzusunun "Koroğlu" və "Dədə Qorqud" eposlarında əks olunmasını müasir ədəbiyyatımız üçün örnək kimi göstərdi. O, yazıçılarımızın dastan və nağıl ənənələrinə bağlı olmalarının böyük uğur qazanmaq üçün əsas olduğunu qeyd etdi. Məruzəçi, düşmən qüvvələrinin milli-mənəvi dayaqlarımızı sarsıtmağa yönəlik fəaliyyətinə qarşı diqqətli və prinsipial olmağa çağırdı.
Yazıçı və şairlər Arzu Nehrəmli, Şərif Ağayar, Həcər Paşayeva, Sadıq Qarayev, Nazim Əhmədli, Adilə Nəzər, Murad Köhnəqala, Nailə Əskər, Nazim Muradov, Şiringül Musayeva, Yusif Nəğməkar, Feyziyyə Soltanmurad, Şahsənəm və Mənsurə Qaçayqızı Qarabağ zəfərinin müasir ədəbiyyatda yeri və təsiri barədə öz fikirlərini bölüşdülər. Tədbirdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Qarabağ zəfərinin əsasları” adlı kitabça, dəftərxana ləvazimatları paylanıb və çay-qəhvə, şirniyyat, meyvə təqdim olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.












