Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında Qarabağ Universitetinin yaradılmasının Böyük Qayıdış proqramı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, doğma yurdlarına dönmək istəyən insanlar üçün üç əsas amil – təhlükəsizlik, məşğulluq və keyfiyyətli sosial xidmətlər vacibdir:
"Qarabağ Universitetində yaradılan müasir təhsil infrastrukturu təkcə bir universitet layihəsi deyil, əslində Böyük Qayıdış proqramının strateji sütunlarından biridir. İnsanların doğma yurdlarına dönməsi üçün üç əsas amil önə çıxır: təhlükəsizlik, məşğulluq və keyfiyyətli sosial xidmətlər. Təhsil isə bu sosial xidmətlərin mərkəzində dayanır. Məcburi köçkün ailələrinin qayıdış qərarına təsir edən əsas məsələlərdən biri övladlarının gələcəyidir. Əgər valideynlər görürlərsə ki, Qarabağda yaradılan universitet beynəlxalq standartlara uyğun laboratoriyalar, kitabxanalar, müasir kampus həyatı və keyfiyyətli müəllim heyəti ilə təmin olunub, bu, onların qayıdış motivasiyasını ciddi şəkildə gücləndirir. Çünki bu halda valideynin ən böyük narahatlığı – övladının təhsil və gələcək imkanları məsələsi aradan qalxır".
Ekspertin sözlərinə görə, Qarabağ Universiteti yalnız tələbələr üçün deyil, bütövlükdə ictimai həyat üçün də elmi-mədəni mərkəzə çevriləcək. Burada fəaliyyət göstərəcək elmi-tədqiqat laboratoriyaları, müəllim hazırlığı proqramları və beynəlxalq əməkdaşlıqlar gənclərə həm təhsil, həm də gələcək karyera imkanları açacaq:
"Bu da təkcə məcburi köçkünlərin deyil, ümumən bütün Azərbaycan gənclərinin Qarabağa marağını artıracaq. Unutmayaq ki, universitetlər hər zaman şəhərlərin inkişafına təkan verən ən mühüm institutlardan biridir. Qarabağ Universiteti də həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan bölgədə yeni həyatın qurulmasına xidmət edəcək. Bu baxımdan desək, təhsil infrastrukturu qayıdış prosesini sürətləndirən ən təsirli mexanizmlərdən biridir."
Pərvanə Fərhadqızı












