Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində göstərilən münasibət qəbuledilməzdir.
Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların Azərbaycanın müxtəlif bölgələrinə səfər etməsi Azərbaycanın daxili işidir. Bu səfərlərə qarşı belə aqressiv münasibət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə də ziddiyyət təşkil edir.
Məni xüsusilə təəccübləndirən məsələ isə Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı yanaşmadır. Gəncəsər və Xudavəng kimi abidələrin erməni irsi kimi təqdim olunması, eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin inkar edilməsi obyektiv yanaşma deyil.
Azərbaycanın Qarabağında və Şərqi Zəngəzurunda bu gün tarixi irsimizə münasibəti dünya ictimaiyyəti də görür. Diplomatik nümayəndələrin həmin ərazilərə səfəri də reallıqları yerində görmək baxımından mühüm əhəmiyyət daşıyır.
Mən hesab edirəm ki, bu cür mövzulara yanaşmada emosiyadan çox, tarixi faktlara və reallıqlara söykənmək lazımdır. Azərbaycan sülh prosesinin davam etdirilməsində maraqlıdır və bölgədə sabitliyin təmin olunması üçün qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması əsas prinsip olmalıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova






