Azərbaycanın tarixi-coğrafi mövqeyi ona əsrlər boyu müxtəlif coğrafiyalar arasında əlaqələrin qurulmasında xüsusi rol verib. Xəzər dənizinin sahilində yerləşən ölkəmiz həm Türk dünyasının mühüm tərkib hissəsi, həm də Qafqazın siyasi, mədəni və tarixi məkanının ayrılmaz parçasıdır. Bu xüsusiyyət Azərbaycanın yalnız coğrafi mövqeyi ilə deyil, əsrlər boyu formalaşmış tarixi və mədəni irsi ilə də bağlıdır.

Bakıda keçirilən beynəlxalq tədbirlər və müxtəlif ölkələrdən gələn nümayəndələrin iştirakı Azərbaycanın bu əlaqələndirici rolunun bu gün də davam etdiyini göstərir. 15 sentyabrda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu baxımdan diqqətçəkən hadisədir.

Azərbaycanın bu mövqeyi yalnız keçmişin tarixi əlaqələri ilə məhdudlaşmır. Bu gün ölkəmiz Türk dövlətləri arasında əməkdaşlığın inkişafında, Qafqazda əlaqələrin genişlənməsində, eyni zamanda müxtəlif mədəni və dini irslərin qarşılıqlı tanınmasında fəal iştirak edir. Seyid Yəhya Bakuvi kimi Azərbaycan mütəfəkkirlərinin irsinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması da Azərbaycanın tarixi-mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına xidmət edir.

Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında yerləşən mövqeyi bu gün yalnız xəritədəki coğrafi göstərici deyil. Bu mövqe tarixi yaddaş, mədəni yaxınlıq, qarşılıqlı əlaqələr və müxtəlif xalqlar arasında dialoq imkanları ilə tamamlanır. Məhz buna görə Azərbaycan həm Türk dünyası, həm Qafqaz, həm də daha geniş İslam coğrafiyası ilə münasibətlərində özünəməxsus bir əlaqələndirici məkan kimi çıxış edir.

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı