Norveç Qaçqınlar Şurası (NRC) Qəzza şəhərində müharibə nəticəsində zədələnmiş yaşayış binasının çökməsi ilə bağlı açıqlama yayıb. Təşkilatın məlumatına görə, yeddi mərtəbəli binanın çökməsi nəticəsində azı 20 nəfər həyatını itirib. Binada daha əvvəl evlərini tərk etmiş köçkün ailələr yaşayırdı.
QHT.az xarici mediaya istinadən bildirir ki, Qəzzada çox sayda zədələnmiş və təhlükəli vəziyyətdə olan bina hələ də köçkün ailələr tərəfindən sığınacaq kimi istifadə olunur. Bunun əsas səbəblərindən biri insanların daha təhlükəsiz yaşayış yerlərinin olmamasıdır. Təşkilatın istinad etdiyi məlumatlara əsasən, qiymətləndirilən ərazilərdə əhalinin 94 faizi sığınacaq və ya əsas məişət yardımlarına ehtiyac duyur.
Təşkilat həmçinin qarşıdan gələn qışla bağlı narahatlığını ifadə edir. NRC-nin məlumatına görə, yüzlərlə təhlükəli bina hələ də yaşayış üçün istifadə olunur və ailələrin təhlükəsiz sığınacaqlara ehtiyacı artır. Təşkilat təcili xilasetmə avadanlıqlarının, yanacağın və sığınacaq üçün zəruri materialların bölgəyə çatdırılmasının vacibliyini vurğulayır.
Piranə Xasiyeva
Xəbərlər
Qəzzada bina uçqunu köçkünlərin sığınacaq problemini gündəmə gətirib






