"Şəfa Psixoloji Sosial Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən "Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək" layihəsi çərçivəsində növbəti mühüm fəaliyyət mərhələsi uğurla yekunlaşıb.

QHT.az xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq bu dəfə Tərtər rayonlarında mina və partlamamış hərbi sursatlardan birbaşa zərər çəkmiş şəxslərin müəyyənləşdirilməsi, ilkin ehtiyaclarının qiymətləndirilməsi və hədəf qrupların formalaşdırılması prosesi həyata keçirilib.

Qiymətləndirmə zamanı iştirakçıların psixoloji vəziyyəti, sosial ehtiyacları, gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər, cəmiyyətə reinteqrasiya imkanları və gələcək dəstək gözləntiləri ətraflı öyrənilib. Toplanmış məlumatlar layihənin növbəti mərhələlərində göstəriləcək psixososial xidmətlərin iştirakçıların real ehtiyaclarına uyğun şəkildə planlaşdırılmasına əsas yaradacaq.

Qiymətləndirmənin nəticələrinə əsasən 10 nəfər Mina və PHS-dən zərərçəkmiş şəxs layihənin hədəf qrupu kimi müəyyən edilib və onlar üçün xüsusi təlim qrupları formalaşdırılıb.

İştirakçılarla keçirilən görüşlər zamanı layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək psixososial reabilitasiya proqramı, təlimlərin məzmunu və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Görüşlər qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıların rəy və təklifləri dinlənilib, onların razılığı əsasında təlimlərin keçirilmə vaxtı və qrafiki razılaşdırılıb.

Layihənin növbəti mərhələsində hədəf qrup üzvləri üçün psixoloji dayanıqlığın artırılması, sosial bacarıqların inkişafı, ailədaxili münasibətlərin gücləndirilməsi və cəmiyyətə reinteqrasiyanın dəstəklənməsinə yönəlmiş təlim və psixososial dəstək tədbirləri həyata keçiriləcək.