2026-cı il sentyabrın 17-də Özbəkistanda Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimi keçirilib. Forumda 15 ölkədən 150 nəfərə yaxın nümayəndə iştirak edir.
“Dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın səmərəli modelləri” mövzusunda ilk sessiyada Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva iştirak edib.
Aygün Əliyeva “Dövlət və vətəndaş cəmiyyəti: institusional mexanizmlərdə Azərbaycan təcrübəsi” mövzusunda çıxışında Azərbaycanda dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı, bu istiqamətdə yaradılmış institusional mexanizmlər və əldə olunan təcrübə barədə məlumat verib.
Forum Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası, Özbəkistan Ali Məclisinin Vətəndaş Cəmiyyəti Fondu, Özbəkistan Milli Təşkilatlar Assosiasiyası, “Yüksəliş” Hərəkatı Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Forum Mərkəzi Asiya ölkələrində dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və regional tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma kimi çıxış edir.






