Qarabağ və Şərqi Zəngəzura səfər edən dini liderlərin 30 illik işğalın nəticələri və hazırkı bərpa-quruculuq işləri ilə tanış olması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzura səfər edən dini liderlər üçün bu ərazilərlə tanışlıq yalnız yeni qurulan şəhər və kəndləri görməkdən ibarət deyil. Bu səfər eyni zamanda bir tarixi mərhələnin nəticələrini yerində müşahidə etmək, uzun illər davam etmiş işğalın yaratdığı dağıntıları görmək və həmin ərazilərdə bu gün həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesinin şahidi olmaq imkanı yaradır.
15 sentyabrda Prezident İlham Əliyev ilə görüşdə də Qarabağ və Şərqi Zəngəzurun keçmişi və bu günü barədə geniş fikirlər səsləndirilib. Dövlət başçısı 30 illik işğal dövründən sonra bu ərazilərdə dağıdılmış şəhər və kəndlərin, dini və tarixi abidələrin vəziyyətindən danışıb. Rəsmi məlumata görə, görüş iştirakçılarının Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdam məscidi və Xocalı ilə bağlı proqram da nəzərdə tutulub.
Bu səfərlərin mühüm tərəflərindən biri də tarixi yaddaşla müasir quruculuğun eyni məkanda müşahidə olunmasıdır. Bir tərəfdə uzun illər ərzində dağıdılmış yaşayış məntəqələrinin və dini abidələrin izləri, digər tərəfdə isə yenidən qurulan şəhərlər, kəndlər və bərpa olunan həyat var. Belə bir mənzərə Qarabağın və Şərqi Zəngəzurun keçdiyi yolu yalnız sənədlərdən və məlumatlardan deyil, yerində görərək dərk etməyə imkan verir.
Dini liderlərin bu ərazilərə səfəri həm də tarixi və dini irsin qorunması məsələsinin əhəmiyyətini ön plana çıxarır. Ağdam məscidi kimi yaddaş məkanlarının ziyarət olunması keçmişin unudulmaması ilə yanaşı, gələcək nəsillərə tarixi irsin çatdırılması baxımından da mühüm məna daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri isə dağıntıların yerində həyatın yenidən qurulması prosesini nümayiş etdirir.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı






