15 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

Ölkə başcısı görüş zamanı bəzi mühüm məsələlərə toxunaraq bildirib ki, 30 ilə yaxın müddətdə üzləşdiyimiz ədalətsizliyə beynəlxalq təşkilatlar siyasi qiymət vermədi. BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etmişdi, Azərbaycan bütün beynəlxalq platformalarda işğal məsələsini qaldırırdı, amma Ermənistana qarşı işğala görə real sanksiya mexanizmi tətbiq edilmədi, işğalçı öz adı ilə çağrılmadı.

Bundan başqa ölkə başcısı Türk dünyası, Qafqaz, İslam aləminin birgə gücündən danışarkən bildirdi ki, “Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik.”

Bütün ədalətsizliklərə baxmayaraq Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin və dini-mədəni irsin bərpasına xüsusi diqqət yetirilir. Ağdam, Şuşa və digər yerlərdəki məscidlərin bərpası işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk bərpa layihələrindən biri kimi qeyd olunmalıdır.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır, keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. İşğaldan azad edilmiş şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Bu çox böyük tarixi nailiyyətdir.

Ölkə başcısı onu da xüsusi vurğuladı ki, Xocalı soyqırımı, işğal nəticəsində dağıntılar və azərbaycanlıların məcburi köçkün vəziyyətinə düşməsi, itkin düşmüş azərbaycanlıların taleyinin hələ də müəyyənləşdirilməməsi, kütləvi məzarlıqların yerlərinin bildirilməməsi kimi məsələlərə baxmayaraq Azərbaycan Ermənistanla müharibədən sonra sülh gündəliyinə üstünlük verir və Azərbaycan Ermənistanla sülh prosesinin uzunmüddətli və davamlı olmasını istəyir. Lakin eyni zamanda da Ermənistanın silahlanması və revanşist siyasətinin qarşısının alınması, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı üçün hərbi gücünün artırılmasının vacibliyini də düşünür.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov