“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi QHT nümayəndələrini “KSM Strategiyasına uyğun layihə təkliflərinin hazırlanması” mövzusunda təlimdə iştiraka dəvət edir.
Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində təşkil olunur.
Tədbir 23 sentyabr 2026-cı il tarixində, saat 10:00-dan 16:30-dək Bakı şəhərində yerləşən “Ibis Hotel Baku”da keçiriləcək.
Təlimin məqsədi QHT nümayəndələrinə özəl sektorla əməkdaşlıq qurmaq, şirkətlərin Korporativ Sosial Məsuliyyət (KSM) və ESG prioritetlərinə uyğun layihə təklifləri hazırlamaq üçün zəruri bilik və bacarıqlar qazandırmaqdır.
Təlim zamanı iştirakçılar şirkətlərin KSM və ESG strategiyalarının təhlili, qrant layihəsi ilə biznesə ünvanlanan KSM təklif paketinin fərqləri, biznes dili, investisiya arqumentləri və KPI-ların müəyyənləşdirilməsi, eləcə də təkliflərin şirkətlərin qərarverici şəxslərinə təqdimatı üzrə “pitching” üsulları ilə tanış olacaqlar.
Təlimçi Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini, KSM və dayanıqlılıq üzrə aparıcı ekspert Ceyhun Atayev olacaq.
Təlimdə iştirak etmək istəyən QHT nümayəndələri adlarını, soyadlarını, təmsil etdikləri təşkilatın adını və əlaqə nömrələrini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müraciət üçün son tarix 20 sentyabr 2026-cı il, saat 18:00-dır.






