Ana qızını kiməsə verərək canını qurtarmağa çalışır
Son illərdə məişət zorakılıqları ilə bağlı məlumatlar mətbuatdan öncə sosial mediada daha tez və operativ yayılır. Bəzən detalları dəqiqləşdirmədən paylaşılsa da əksər hallarda fakt təsdiqini tapır.
Nuranəni də (ad şərtidir) sosial şəbəkədəki qrupların birindən tanıdıq. Nə qədər üzücü olsa da xanım anasının ona psixoloji və iqtisadi zorakılıq etdiyini danışırdı. 22 yaşlı qız öz əzmi ilə təhsil alıb, indi isə peşəsinə uyğun işləyir. Lakin anası onun qazancını əlindən alır, çox cüzi xərclik verməklə çətin duruma salır. Baxmayaraq ki, ana özü də çalışır və əməkhaqqı alır, ancaq qızına maaşını sərbəst formada istifadə etməsi, gündəlik tələbatlarını qarşılaması üçün xərclik vermir. Eləcə də tez bir zamanda ailə qurmasını tələb edir. Nə qədər acı olsa da ana qızını kiməsə verərək canını qurtarmağa çalışır sanki. Nuranənin dediyinə görə, hər dəfə anasından pul istəmək məcburiyyətində olanda çox ağır sözlərlə təhqirlərə məruz qalır.
İqtisadi zorakılığın digər nümunəsi Şamaxıda yaşanıb. Ata ilə ana ayrılıb, məhkəmə qərarı ilə uşağın biri Anaya verilib. Digərini isə ata öz himayəsində saxlayıb. Səbəb isə nə uşaq sevgisidi, nə də atalıq hissi. Adam aliment verməmək üçün uşaqları belə “bölüşdürüb”. İstəyinə nail olmaq məqsədilə saxladığı uşağa anasından ayrı qalmaq üçün ciddi psixoloji təzyiqlər göstərir. Ana isə aylardı uşağını bu zorakılıqlardan xilas etmək üçün mücadilə edir.
Siyahını uzatmaq da olar. Bəzi ailələrdə bu cür hallar erkən nikahlara, qızların evdən qaçmasına gətirib çıxarır. Qızların təhsildən yayındırılması da sonda ciddi iqtisadi zorakılıqlarla nəticələnir. Bir çox ailələrdə müşahidə olunan bu cür hallar isə sadəcə bir statusda paylaşmaqla, ya da dar çərçivədə söhbətlərlə yekunlaşır. Zorakılığa məruz qalan qadınlar, hətta kişilər düşdükləri durumu dəyişmək istəsələr də bu haqda hansısa dövlət qurumuna müraciət etmək, kiməsə danışmaq barədə düşünmürlər, bəzən hətta ayıb sayırlar. Ancaq hadisələrə bir qədər fərqli yanaşaraq düşdükləri ağır durumu dəyişə bilərlər.
Hüquqşünas Rövşanə Rəhimli kiminsə qazancının əlindən alınmasını iqtisadi zorakılıq kimi dəyərləndirib. Bundan canını qurtarmaq üçün qadının yerli icra hakimiyyəti orqanına, eyni zamanda polisə şikayət edərək durumu dəyişə biləcəyini deyib: “Təhsildən yayındırmaq və şəxsin qazancının əlindən alınması məişət zorakılığının növlərindən biri olan iqtisadi zorakılıqdır. Təhsildən yayındırmaq da sonda məhz iqtisadi zorakılığa gətirib çıxarır. Çünki insan təhsilsiz olduğu üçün gələcəkdə qazanc əldə edə bilmir. Bir çox problemləri də buradan qaynaqlanır. Maaşın əlindən alınması birbaşa iqtisadi zorakılıqdır. Bunu digər zorakılıq növlərdən fərqləndirən əsas cəhət odur ki, belə hallar davamlı xarakter daşıyır. Bununla bağlı xeyli keyslər var. Ananı uşaqlardan ayırırlar, uşaqların gözü önündə döyürlər. Qəyyumluq şöbələrində rəy verilən zaman anadan imtina etmələri üçün onlara psixoloji təzyiqlər edirlər. Belə hallar kişilərə qarşı da törədilir”.
Zəng et, xilas ol!
Yeri gəlmişkən, zorakılıq qurbanlarının üzə çıxarılması, onlara dəstək verilməsi məqsədilə həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, həm də digər dövlət qurumlarında xüsusi qaynar xətt yaradılıb. Vətəndaşlar rastlaşdıqları zorakılıq halları, eləcə də yaşadıqları ağır durumlar barədə dövlət qurumlarına məlumat verərək həyatlarını xilas edə bilərlər. Onlardan biri (012) 860 nömrəsidir. Rahatlıqla zəng vuraraq zorakılıqdan qurtula bilərlər.
Zorakılığa susduqca onun sayı artır
Zorakılıqla mübarizəyə gəlincə, R.Rəhimli hesab edir ki, peşəkar hüquqşünas bu hallara kompleks yanaşmalıdır. Burada psixoloji rəylər öz sözünü deməlidi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertləri işə cəlb olunmalıdı. Hakimlər də bu məsələlərə çox həssas və peşəkar yanaşmalıdırlar:
“Mən hər zaman cəmiyyətə bir mesaj verirəm ki, zorakılığa susmaq olmaz. Zorakılığa susduqca onun sayı artır. Digər ən vacib məsələ dövlətin öhdəliklərindən biridir ki, məişət zorakılığı qurbanlarının həyati təhlükəsizliyinə təminat versinlər. Əsas məsələlərdən biri cəzasızlıq problemidir. Bu, aqressorlara öz çirkin əməllərini təkrarlamaq üçün daha çox cəsarət verir. Cəzasızlıq aradan qaldırılmalıdır, aqressorlar qanun çərçivəsində cəzalandırılmalıdır, məsuliyyətə cəlb olunmalıdırlar.
Cəzasızlığa yol açan vəzifəli şəxslər də məsuliyyət daşımalıdırlar. Qanunsuz hərəkətlərə yol verərlərsə, onların hərəkətlərindən şikayət olunmalıdır. Bunu vaxtında etməsək, fəsadları daha ağır olur”.
Mövzuya rəsmi münasibət də bildirildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə məişət zorakılığının 4 formasının mövcud olduğunu deyib - iqtisadi, psixoloji, fiziki və cinsi zorakılıq. Onun sözlərinə görə, qurbanlar daha çox psixoloji və fiziki zorakılığa məruz qalırlar:
“İqtisadi zorakılıq müəyyən olunması daha çətin olan zorakılıqdır. Çünki bunun halları, həm qanunla təsnifi və açıqlaması, həm də təcrübə göstərir ki, digərlərinə nisbətən müşahidə olunması çətin olan zorakılıq növlərindəndir. Hesab olunur ki, qadınlar iqtisadi zorakılığa daha çox məruz qalırlar. Ancaq iqtisadi zorakılığa hər kəs bərabər formada məruz qalır. Çünki iqtisadi gəlirlərindən, əmlaklarından kimlərisə məhrum etmək, onun tamamilə əlindən alınması daha çox həyat yoldaşı işləyib özü işləməyən qadınların başına gələn zorakılıq növüdür. Yaxud da maaşından həyat yoldaşı daha çox öz məqsədləri üçün istifadə edir. Onun mülkiyyətində və istfadəsində olan əmlakı qadının icazəsi olmadan istifadəsi hallarıdır”.
Problemlərin qarşısının alınmasının ən böyük həll yolu maariflənmədən keçir
T. Hüseynzadə hesab edir ki, bu və digər sosial problemlərin qarşısının alınmasının ən böyük həll yolu maariflənmədən keçir. Bunu əməkdaşlıq etdiyimiz yerli QHT-lər və beynəlxalq təşkilatlarla birgə mütəmadi olaraq həyata keçirdiklərini deyən məsləhətçi məlumatlandırmanın daha effektiv olduğunu vurğulayıb: “Cəzaların mövcudluğu, tətbiqi nə qədər sərt olsa da maarifləndirmə və profilaktik tədbirlər ən əhəmiyyətlisidir. Bundan başqa, zorakılıq qurbanları və onu törədənlərlə işin aparılması , profilaktik nəzarətin gücləndirilməsi, bilavasitə zorakılıqla mübarizə sahəsində çalışan dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eyni zamanda qurbanların ailəsində olan uşaqlarla aparılan profilaktik işin gücləndirilməsi istiqamətində işlər görülür”.
Gizli qalan məişət zorakılıqların üzə çıxarılmasında ətrafdakı insanların rolunu istisna etməyən T. Hüseynzadə bildirib ki, qurbanların çalışdığı iş yerlərində, təhsil müəssisələrində, yaşadığı ərazidə bunu müşahidə edib aidiyyəti qurumlara çatdırmalı olduğunun məsuliyyətini dərk edən insanlar vardır. Onların da maarifləndilməsi əhəmiyyətlidir. Daha çox təhsil müəssisələrində bu işin effektivliyini hiss edirik. Çünki qurbanlar bəzən öz problemlərini gozlətməyə çalışsalar da, onlarla daimi ünsiyyətdə olan insanlar dəyişikliyi hiss edirlər. Həmin an onlar bu barədə müvafiq qurumlara məlumat verə, bir insanı zorakılıqdan qurtara bilərlər.
Fərqanə ALLAHVERDİQIZI
Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx) ” layihəsi çərçivəsində hazırlanıb.












