Ötən illər ərzində ölkədə baş verən məişət zorakılığı hallarının qarşısının alınmasında bir qrup qeyri-hökümət təşkilatlarının xüsusi rolu olub. Belə təşkilatlardan biri “Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə yardım” İctimai Birliyidir.
Ofisi Sumqayıt şəhərində yerləşən və daha çox həmin ərazidə fəaliyyətini aktiv edən təşkilat rəhbəri Zenfira Mustafayeva ilə müsahibəni təqdim edirik.
Söhbətimizin mövzusu bu vaxtadək görülən işlər, əldə olunan nəticələr, həmçinin zorakılıqla mübarizədə çıxış yollarıdır.
- Zemfira xanım, neçə illik təcrübəsi olan kimi məişət zorakılığı ilə bağlı hallar artıbmı?
- Mən tez-tez vurğulanan “məişət zorakılığı, boşanmaların sayı artıb” deyimi ilə razı deyiləm. Belə hallar hər zaman olub. Sadəcə mediaya, sosial şəbəkə kimi ictimailəşmə olmadığından ortalığa çıxmayıb. Sözsüz, deyə bilmərik ki, azalma var. Sual belə qoyula bilər ki, nə üçün illərdir aparılan bu qədər maariflənmə, gərgin iş istənilən effekti verə bilmir, niyə zorakılıq halları, ailə münaqişələrinin sayını azalda bilmirik?
Amma deyərdim ki, görülən maariflənmə işi öz bəhrəsini göstərir. Əvvəlki 10 ilə baxanda insanlar artıq hara, necə müraciət etməyi bilirlər. Buna baxmayaraq, zorakılığın bütün formaları ilə hələ də qarşı-qarşıyayıq.
- Zorakılıq hallarının artma səbəbləri nədir?
- Sosial, iqtisadi problemin çoxluğu, fərdin ətrafdan aldığı informasiyanın çoxluğu, evsizlik, psixiloji problemin müxtəlif formalarıdır. Ən çox rastlaşdığımız hal, psixoloji zorakılıq hallarıdır. Gənc ailələrdə dözümsüzlüyün səbəbi psixoloji hallardır. Misal üçün, bizə bir ana müraciət etmişdi. Oğlu evlənəcək yaşda olsa belə, şizofneriya xəstəsi idi. Qadın təkidlə oğlunun evlənsə düzələcəyinə inanırdı. Evləndi, amma bizim proqnozum təəssüf ki, özünü doğrultdu. Uşağı da dünyaya gəldi, amma ailə dağıldı. Məişət zorakılığının birinci səbəbi uşaqların çoxunun uşaqlığında ata-ananın zorakılığına şahid olmasıdır. Ata əgər ananı uşağın yanında təhqir edir, anaya alçaldıcı sözlər deyirsə, o uşaq da böyüyəndə qadınlara o sözün təsiri altında hörmət qoyacaq. Bu gün boşanmalar sonrası ən böyük psixoloji zorakılığın qurbanı elə uşaqlar olurlar. Təəssüf ki, on il sonra boşanmanın qurbanı olan uşaqların sonu necə olacaq, bilmirəm.
Təsəvvür edin, təkcə bu qəbildən olan, ata, ananın ayrı yaşadığı evdən çıxan uşaqlar məktəbdə hansı “zərbəni” ala bilirlər. Həmin uşaqlarla ayrıca iş aparılmalıdır. Amma məktəblərdəki psixoloq ştatlarında boşluğun olması, psixoloqların qeyri peşəkalığı, gördüyü işin effektivsizliyi də ayrı məsələdir.
- Milli serialların cəmiyyətin ən böyük düşməninə çevrildiyini deyirsiz?
- Zorakılıq hallarının kim necə istəyir o cür ictiamiləşdirməsində sosial şəbəkə və medianın rolu sonsuzdur. TV kanallarda ailə münaqişələrinin şou formatına keçirilməsi, alçaldıcı halların çılpaqlığı ilə göstərilməsi yalnışdır. Milli seriallar da bir başqa bəladır.
Misal üçün, Türkiyədə illərdir serail təcrübəsi var . İndi çəkilən tarixi filmlərdə belə ailə dəyərlərinin qorunması üçün cəhd göstərilir. Nəzər yetirsək, müasir serilalarda zorakılıq hallarını vermirlər. Uşaqların obrazları filmin içində qorunur, uşaqlar serial qəhrəmalarının sadə intriqalarında gizlədilir. Sözsüz, Türkiyədə xüsusi nəzarətedici qurumlar daim monitorinq aparır, hətta bəzi səhnələrə görə cərimələrin şahidi oluruq. Bu da zorakılıqla mübarizə üsuludur.
Gəlin, indi bizim seriallara baxaq. Son zamanlar çəkilən belə ekran işlərində film qəhrəmanları ancaq qışqırır, aqressiya püşkürür, qadın, kişi obrazları sanki qəsdlə zorakılığı təbliğ etmək üçün təlimatlandırılıb. Serialda rol alan uşaqlar ssenari üzrə edilən bütün zorakılığı tamaşaçı ilə birgə izləyirlər. Belə olmaz axı! Bu filmlər vətəndaş cəmiyyətlərinin apardığı təşviqat, məlumatlandırma, mübarizə işlərinə zərbə vurur. Bunun qarşısı alınmalıdır. Televiziyalar özləri bu məsələdə senzuralarını bəyan etməlidirlər.
Serialların ana mövzusu olan ailədə xəyanət də cəmiyyətimizin bəlasıdr. Sosial şəbəkə və internet də bu “işi” sürətləndirir. Bu səbəbdən bizə müraciət edən və çıxış yolu axtaranlar çoxdur. Əgər kişi qadınına xəyanət edirsə, bu davamlı olacaq.
- İndi ailə üzvləri klassik “böyüklüyünü “etmir deyirlər, bununla razısınızmı?
- Bizə müraciətlər bəzən çox sadə səbəbli olur, başqa sözlə ailə içində çozülə bilər. Əgər ailə dəyərlərimizə söykənsək, ağsaqqal və ağbirçək dediyimiz böyüklərin dəstəyi ilə narazılıq aradan götürülər. Təəssüf ki, indi “böyüklər” dediyimiz zümrə həm söz haqqını, həm də söz gücünü itirib. Bu həm gənclərin böyüklərə münasibəti ilə bağlıdır, həm də “böyüklər”in yalnış nəsihətlərə yol verməsindən qaynaqlanır. Çox halda ailə böyükləri gənc ailədəki anlaşılmazlığı həll etmək əvəzinə, əksinə məişət zorakılığının artmasına və ailənin dağılmasına rəvac verirlər. Gəlin tərəf bəy, bəy tərəf gəlinin yaxınlarını müqqəsir edir, ittihamlar və danlamalar böyüyəndə də artıq ailə böhranı dərinləşir, nəticədə barışmağa yer qalmır.
- Yaxın vaxtlarda zorakılıqla mübarizədə qurbanlarla yanaşı zorakılıq edənlərə də dəstək veriləcək.
- Ölkədə sığınacaqların sayının artması müsbət haldır, mübahisəli olsa da. Reablitasiya keçən saysız qadın var. İllərdir ki, biz təklf veririk ki zorakılıq edən insanların da reablitasiyası mütləqdir. Zorakılıq edən könüllü reablitasiyaya gələ bilməz. Əgər polisə qadın şikayət edirsə, qarşı tərəfin də vəziyyəti nəzərə alınaraq onunla iş görülməlidir. Bunun üçün mütəxəssis hazırlanmalıdır. 10-15 günə təlim keçməklə ixtisaslı kadr “düzəltmək” olmaz. Hakim, polis, psixoloq, hüquqşünas olmaq kifayət deyil, onların sırf məişət zorakılığı üzrə profili olmalı, ixtisaslaşmalıdır.
Məişət zorakılığı elə bir məsələdir ki, burada operativ iş gərəkdir, işə əl atılması gecikəndə faciə, yaxud geri dönüşü olmayan hadisələr ola bilər.
Qanunvericilikdə dəyişikliklər gözləyirik, boşluqlar doldurulmalıdr. Bəzi çatışmazlıqlar bizim də bir qht kimi qarşımıza sədd qoyur.
-Yeri gəlmişkən, Mediasiya Şurası yeni məktəbini keçir. Bura nə qədər ümidvericidir?
- Medasiya Şurası yaradılıb . İzləyirəm yeni fəaliyyəti, son statistika açıqlanıb ki, bu vaxta qədər ailələrlə iş nəticəsində 30% barışıq əldə olunub. Bu nəticənin nə qədər həqiqi olduğunu bilmirəm, çünki ailəni yenidən bir araya gətirmək asan iş deyil, biz bu sahədə təcrübəsi olan təşkilat kimi ailə barışıqlarında əziyyət çəkirik. Ötən il barışdırdığımız ailədə kişi zərərli vərdişinə son qoyub.
Bunun üçün gərgin iş sərf etmişik. Mənim komandam peşəkardır və bu sahədə işini bilən hüquqşünaslarım, psixoloqlarım var. Biz münaqişəli ailələrin probleminə həll etsək də, onlardan tam əlimizi çəkmirik.
Nəzarətimiz davam edir. Ötən il 8 qısamüddətli ( 30 gün), 4 uzunmüddətli ( 3 aydan - 6 aya qədər) mühafizə orderinin verilməsinə nail olmuşuq. Qısa müddətli mühafizə orderi 1 ay müddətinə icra hakimiyyətləri tərəfindən, uzunmüddətli mühafizə orderi isə 3- 6 ay müdətinə məhkəmət tərəfindən verilir. Bu məsələdə də boşluqların aradan qaldırılmasına ehtiyac var.
Ən böyük problem mühafizə orderini alan qadının yenidən ərlə yaşadığı evə qayıtmasıdır, kişinin də başqa əmlakı və imkanı olmadıqda çarələr axtarışında oluruq. Ümid edirik ki, qanunvericilikdə dəyişiklik zamanı bu məsələlərə yenidən baxılar.
Raminə Eyvazqızı
Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx) ” layihəsi çərçivəsində hazırlanıb.












