"Sağlam Ailə modeli-güclü gələcəyə zəmanədir" layihəsi çərçivəsində 20 qadın və 5 uşağa psixoloji yardım göstərilib. 20 yetkin benefisiarın içərisində ailədaxili zorakılığa məruz qalmış 1 kişi də olub.

İlkin görüşlər zamanı benefisiarlarda əsasən qorxu, təşviş, emosional gərginlik, özünəinamın azalması, özünü günahlandırma, yuxu pozuntuları, ağlama, əsəbilik və gələcəklə bağlı narahatlıq müşahidə edilib.

20 yetkin benefisiarın 3-də fiziki zorakılıq, 4-də psixoloji və emosional zorakılıq, 4-də ailədaxili təzyiq və uzunmüddətli konflikt, 3-də keçmiş zorakılığın yaratdığı qorxu və narahatlıq, 2-də cinsi zorakılıq, 3-də zorakı münasibətdən ayrılma sonrası emosional çətinliklər, 1 kişi benefisiarda isə ailədaxili zorakılıq nəticəsində yaranmış emosional gərginlik və özünüifadə çətinliyi əsas müraciət səbəbləri olub.

Psixoloji görüşlər zamanı əsas diqqət emosional vəziyyətin sabitləşdirilməsi, qorxu və narahatlığın azaldılması,özünəinamın gücləndirilməsi, özünü günahlandırmanın aradan qaldırılması, şəxsi sərhədlərin müəyyənləşdirilməsi və sağlam qərarvermə bacarığının inkişaf etdirilməsinə yönəldilib.

Layihə çərçivəsində fərdi psixoloji görüşlərlə yanaşı, benefisiarlarla qrup terapiyası da keçirilib. Qrup görüşləri zamanı iştirakçılara öz hiss və düşüncələrini sərbəst ifadə etmək, yaşadıqları çətinlikləri bölüşmək, bir-birini dinləmək və dəstəkləmək imkanı yaradılıb. Qrup terapiyası zamanı özünəinam, emosiyaların idarə olunması, stresslə mübarizə, şəxsi sərhədlər və zorakılıqdan sonra özünü bərpa etmə mövzularında psixoloji iş aparılıb.

Seansların əvvəlində bir çox benefisiar yaşadıqları hadisələri danışmaqda çətinlik çəkir, tez emosional reaksiya verir və özlərini güvənsiz hiss edirdilər. Seansların sonlarına yaxın isə emosional gərginliyin azalması, özünüifadənin yaxşılaşması, özünəinamın artması, qorxu və təşvişin zəifləməsi, şəxsi sərhədləri qoruma və problemlərə daha sakit yanaşma istiqamətində müsbət dinamika müşahidə edilib.

5 uşaq üzrə psixoloji iş

5 uşaqda ilkin mərhələdə ailədə yaşanan zorakılıq və konfliktlərin təsiri ilə qorxu, narahatlıq, ağlama, aqressiv davranış, özünəqapanma, diqqət dağınıqlığı və yuxu problemləri müşahidə edilib.

Psixoloji görüşlər zamanı uşaqların yaşına uyğun şəkildə emosiyalarını ifadə etməsinə, qorxularını azaltmasına, özlərini təhlükəsiz hiss etməsinə və davranışlarını idarə etməsinə dəstək göstərilib.

Seansların sonuna yaxın uşaqlarda qorxu və narahatlığın azalması, ünsiyyətin yaxşılaşması, emosiyaların daha rahat ifadə edilməsi, aqressiv və qapalı davranışların azalması və özünəinamın artması istiqamətində müsbət dəyişikliklər müşahidə edilib.

Aparılan psixoloji yardım nəticəsində benefisiarların əksəriyyətində ilkin vəziyyətlə müqayisədə emosional sabitlik, özünəinam, özünüifadə və stresslə mübarizə bacarıqlarında müsbət inkişaf müşahidə edilmişdir. Psixoloji dəstəyin davam etdirilməsi benefisiarların özlərini daha güvənli və emosional baxımdan daha yaxşı hiss etmələrinə kömək edə bilər.