Azərbaycanda bazar təmərküzləşməsinin qiymətləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi rəqabət mühitinin inkişafı baxımından müsbət qiymətləndirilir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib ki, Herfindal-Hirşman İndeksinin tətbiqi bazarda rəqabətin vəziyyətini daha obyektiv qiymətləndirməyə və inhisarçılıq risklərini əvvəlcədən müəyyən etməyə imkan verəcək.


Onun sözlərinə görə, yeni mexanizmlər rəqabət siyasətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından mühüm addımdır. Herfindal-Hirşman İndeksindən istifadə bazarda təmərküzləşmənin səviyyəsini daha dəqiq müəyyən etməyə, hansı sahələrdə rəqabətin zəiflədiyini aşkar etməyə və iri şirkətlərin birləşməsi və ya satınalmalarının bazarda dominant mövqe yaratmaq riskini obyektiv qiymətləndirməyə şərait yaradacaq.

Ekspert hesab edir ki, bu mexanizm ardıcıl və şəffaf şəkildə tətbiq olunarsa, inhisarçılıq meyllərinin qarşısının alınmasına, rəqabətin güclənməsinə və yeni sahibkarların bazara daxil olmasının asanlaşmasına müsbət təsir göstərə bilər. Onun fikrincə, sağlam rəqabət məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsinə, qiymətlərin daha rəqabətli formalaşmasına və istehlakçıların seçim imkanlarının genişlənməsinə xidmət edir.

Akif Nəsirli vurğulayıb ki, təkcə yeni qiymətləndirmə metodologiyasının qəbul edilməsi kifayət deyil. Əsas məsələ onun praktikada necə tətbiq olunacağıdır. Rəqabət orqanlarının müstəqil qərar qəbul etməsi, bazar iştirakçıları üçün vahid qaydaların təmin edilməsi və pozuntulara qarşı effektiv nəzarət mexanizmlərinin işləməsi həlledici əhəmiyyət daşıyır. Əks halda, iri bazar iştirakçıları üçün istisnalar yaranarsa və ya nəzarət formal xarakter daşıyarsa, yeni mexanizmin gözlənilən nəticələri zəifləyə bilər.

Ekspert əlavə edib ki, uzunmüddətli perspektivdə bu dəyişikliklər investisiya mühitinə də müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, yerli və xarici investorlar bazarda rəqabət qaydalarının aydın, şəffaf və proqnozlaşdırılan olduğunu gördükdə investisiya qərarlarını daha rahat qəbul edirlər. Nəticə etibarilə, yeni mexanizm sağlam rəqabət mühitinin formalaşması üçün mühüm hüquqi alət hesab oluna bilər. Bununla belə, onun real səmərəsi qəbul edilən qaydalardan daha çox, onların şəffaf, ardıcıl və istisnasız şəkildə icra olunmasından asılı olacaq.