Kartdan-karta (“card to card”) əməliyyatlarına limit tətbiqi ilə bağlı müzakirələr davam edərkən, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov hesab edir ki, bu addım vergidən yayınma hallarının qarşısını almaq baxımından gözlənilən effekti verməyə bilər.
QHT.az-a açıqlama verən ekspert bildirib ki, kartdan-karta köçürmələrdən bəzi hallarda vergidən yayınmaq məqsədilə istifadə olunur. Onun sözlərinə görə, kiçik mağazalar, ticarət obyektləri və iaşə müəssisələri bəzən ödənişləri POS-terminal və ya rəsmi kassa vasitəsilə deyil, birbaşa kartdan-karta qəbul edirlər. Eyni zamanda, bəzi şəxslər daşınmaz əmlakı rəsmi müqavilə olmadan icarəyə verərək ödənişləri bu üsulla alırlar.
Sahib Məmmədov qeyd edib ki, bu cür halların qarşısının alınması zəruridir. Lakin onun fikrincə, kartdan-karta əməliyyatlara limit qoyulması problemin həlli üçün effektiv vasitə olmayacaq:
“Bu qərarın məqsədi başadüşüləndir. Amma limit qoyulması daha çox adi kart istifadəçiləri üçün narahatlıq yaradacaq. Vergidən yayınan şəxslər isə yenə də alternativ yollar tapacaqlar.”
Ekspert bildirib ki, məhdudiyyətlər ilk növbədə gündəlik həyatda kart köçürmələrindən istifadə edən vətəndaşlara təsir göstərəcək. Onun sözlərinə görə, ailə üzvlərinin bir-birinə təcili pul göndərməsi, gündəlik alış-veriş zamanı yaxınlardan kart vasitəsilə dəstək alınması kimi hallarda əlavə çətinliklər yarana bilər.
Sahib Məmmədovun fikrincə, belə bir qərarın digər mənfi tərəfi isə ölkədə son illər təşviq edilən nağdsız ödəniş mədəniyyətinə təsir göstərə bilməsidir. O xatırladıb ki, ƏDV geri al, keşbek və digər stimullaşdırıcı mexanizmlər vətəndaşların nağdsız ödənişlərə marağını artırmışdı.
Ekspert hesab edir ki, kartdan-karta əməliyyatlara limit tətbiqi həmin müsbət tendensiyanı zəiflədə və nağdsız ödənişlərin genişlənməsi istiqamətində əldə olunan nəticələrə mənfi təsir göstərə bilər.
Zəhra Ağayeva






