Hindistanın Meghalaya ştatının Ali Məhkəməsi polis idarələri və saxlanma məntəqələrində siyasi partiyalar, qeyri-hökumət təşkilatları (QHT) və digər qeyri-dövlət qurumlarının mətbuat konfransları keçirməsini qadağan edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, məhkəmə qərarında bildirilib ki, polis obyektləri yalnız hüquq-mühafizə orqanlarının rəsmi fəaliyyəti üçün nəzərdə tutulub və bu məkanlardan hər hansı təşkilatın ictimai və ya siyasi məqsədlərlə istifadə etməsi yolverilməzdir. Bu səbəbdən ştatın Polis Baş İdarəsinin rəisinə bütün polis bölmələrinə müvafiq göstərişlərin verilməsi tapşırılıb.

Qərar vəkilə qarşı baş vermiş hücumla bağlı məhkəmə icraatı zamanı qəbul olunub. Məhkəmə vurğulayıb ki, polis bölmələrinin neytrallığı və ictimai etimadı qorunmalı, onların hər hansı qeyri-dövlət qurumunun çıxış platformasına çevrilməsinə yol verilməməlidir.