Demokratik Konqo Respublikasında (DKR) hökumət milli dialoqun keçirilməsinə razılıq verib. Lakin dialoqun hansı tərəflərin iştirakı ilə keçiriləcəyi və hansı məsələlərin müzakirə olunacağı hələ də bəlli deyil.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüs ölkənin şərqində Ruandanın dəstəklədiyi M23 silahlı qruplaşmasının nəzarəti genişləndirdiyi və Prezident Feliks Çisekedinin mümkün konstitusiya dəyişiklikləri fonunda siyasi gərginliyin artdığı bir dövrdə irəli sürülüb.

Ebuteli Araşdırma Mərkəzinin eksperti Trésor Kibangula bildirib ki, dialoqun məqsədi aydın deyil. Onun sözlərinə görə, proses milli birlik, daxili siyasi böhran və ya sülh danışıqlarına dəstək məqsədi daşıya bilər.

Hazırda M23 qruplaşması Qoma və Bukavu da daxil olmaqla ölkənin şərqində geniş ərazilərə nəzarət edir. Ötən il münaqişələr səbəbindən təxminən 10 milyon insan məcburi köçkün düşüb.

Ekspertlər hesab edirlər ki, əvvəlki milli dialoqlar ölkədəki problemlərin köklü həllinə deyil, daha çox siyasi razılaşmalara xidmət edib. Araşdırmaçı Stüart Muhindo vurğulayıb ki, yeni dialoq hakimiyyəti qorumaq və ya siyasi vəzifələrin bölüşdürülməsi vasitəsinə çevrilməməlidir.

Hökumət M23 və keçmiş prezident Cozef Kabilaya yaxın qüvvələrin dialoqda iştirakını istisna etsə də, bəzi ekspertlər silahlı tərəflər olmadan davamlı sülhün mümkün olmayacağını bildirirlər.

Müxalifət isə prezidentin üçüncü dəfə namizəd olmasına imkan yarada biləcək konstitusiya dəyişikliklərindən narahatdır və prezidentlik müddəti, seçki sistemi və vətəndaş azadlıqları kimi məsələlərin dialoqda müzakirəsini tələb edir.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, dialoq yalnız konkret nəticələr verdiyi, məsuliyyət müəyyənləşdirildiyi və ölkədə uzun illər davam edən münaqişələrin əsas səbəbləri aradan qaldırıldığı halda uğurlu sayıla bilər.