Avqustun 15-dən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılacaq. “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata görə, tikinti işləri təxminən 10-11 ay davam edəcək. Bu müddət ərzində qatarların “Nizami” və “28 May” stansiyaları arasında hərəkəti dayandırılacaq. Qurum bildirib ki, məhdudiyyət yalnız qeyd olunan hissəyə şamil ediləcək. “28 May” stansiyası isə fəaliyyətini davam etdirəcək. Belə ki, “İçərişəhər – Həzi Aslanov” istiqamətində qatarların hərəkətində heç bir dəyişiklik nəzərdə tutulmur.
Nəqliyyat eksperti Adil Nəbiyev mövzu ilə əlaqədar QHT.az-a açıqlama verib. O bu dəyişikliyin Bakı metrosunun inkişafı baxımından strateji əhəmiyyət daşısa da, onun ən çətin dövrü məhz sentyabr ayına – məktəblərin və universitetlərin açıldığı, insanların məzuniyyətdən qayıtdığı vaxta təsadüf edəcəyini deyib:
" Bu dövrdə sərnişin axını onsuz da ilin ən yüksək səviyyəsində olur. Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi çərçivəsində “Nizami”–“28 May” arasında qatarların hərəkəti dayandırılacaq və sərnişinlər xətlər arasında keçid üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. Hesab edirəm ki, sentyabr ayında pik saatlarda yaranacaq sıxlığın qarşısını almaq üçün ilk növbədə metroya alternativ yerüstü nəqliyyat gücləndirilməlidir. “Nizami”, “28 May”, “Cəfər Cabbarlı”, “Elmlər Akademiyası” və “İnşaatçılar” istiqamətlərində ekspres avtobus marşrutları təşkil edilməli, pik saatlarda avtobusların intervalı 2–3 dəqiqəyə endirilməlidir. Metrodan çıxan sərnişin avtobus gözləməməli, avtobusların hərəkəti metrodan gələn sərnişin axınına uyğun tənzimlənməlidir. Bununla yanaşı, AYNA və Yol Polisi əsas magistrallarda avtobusların maneəsiz hərəkətini təmin etməli, zərurət yaranarsa müvəqqəti avtobus zolaqları tətbiq olunmalıdır. Əks halda avtobuslar da ümumi tıxacda qalacaq və metrodakı yük sadəcə avtomobil yollarına ötürüləcək. Eyni zamanda stansiyalarda əlavə əməkdaşlar cəlb edilməli, müvəqqəti məlumat lövhələri, elektron tablolar və səsli elanlar artırılmalı, sərnişinlər alternativ marşrutlar barədə əvvəlcədən məlumatlandırılmalıdır".
Ekspert əlavə edib ki, dövlət və özəl sektorda çevik iş saatlarının tətbiqi, bəzi müəssisələrin işə fərqli vaxtlarda başlaması da səhər pik saatlarında həm metroya, həm də yol şəbəkəsinə düşən yükü əhəmiyyətli dərəcədə azalda bilər:
" “Nizami”–“28 May” arasında qatarların hərəkətinin dayandırılması xüsusilə “28 May”, “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarında sərnişin sıxlığını əhəmiyyətli dərəcədə artıracaq. Çünki bu stansiyalar metronun əsas transfer qovşaqlarıdır və tədris ilinin başlanması ilə universitet tələbələri, məktəblilər və işə gedən minlərlə insan marşrutunu dəyişməyə məcbur olacaq. Nəticədə platformalarda gözləmə müddəti uzana, keçidlərdə sıxlıq yarana və yerüstü ictimai nəqliyyata tələbat kəskin arta bilər. Bununla belə, bu narahatlıq müvəqqəti xarakter daşıyır. Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi başa çatdıqdan sonra metro şəbəkəsinin buraxıcılıq qabiliyyəti artacaq, qatarların hərəkəti daha müstəqil təşkil olunacaq, intervallar azalacaq və gələcəkdə sərnişinlərə daha sürətli, rahat və etibarlı xidmət göstərilməsi mümkün olacaq. Bu baxımdan, qısamüddətli çətinliklər uzunmüddətli perspektivdə Bakı metrosunun inkişafı və şəhərin nəqliyyat sisteminin daha səmərəli işləməsi üçün atılan zəruri addım kimi qiymətləndirilməlidir".
Fatimə Məmmədova






