Dünya Bankının yeni hesabatına görə, süni intellekt (AI) aşağı və orta gəlirli ölkələrin iqtisadi inkişafını sürətləndirə bilər. Lakin infrastruktur, rəqəmsal bacarıqlar, məlumat bazaları və idarəetmə sahəsindəki çatışmazlıqlar bu imkanlardan tam istifadəni çətinləşdirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, yüksək gəlirli ölkələrdə iş yerlərinin 14,2 faizi AI səbəbindən risk altındadır. Aşağı və orta gəlirli ölkələrdə isə bu göstərici 4,5 faizdir. Eyni zamanda, süni intellekt bu ölkələrin iqtisadiyyatını 16,2 faiz artırmaq potensialına malikdir.

Hesabatda qeyd olunur ki, AI həkimlərə diaqnoz qoymaqda, fermerlərə qərar verməkdə, kiçik bizneslərə işləri avtomatlaşdırmaqda, dövlət qurumlarına isə vergi yığımı, təhsil və fövqəladə halların idarə edilməsində kömək edə bilər.

Dünya Bankının baş iqtisadçısı İndermit Gill bildirib ki, süni intellekt inkişaf etməkdə olan ölkələr üçün böyük fürsətdir və bu imkan vaxtında dəyərləndirilməlidir.