Bazar təmərküzləşməsinin qiymətləndirilməsi ilə bağlı yeni metodologiyanın tətbiqi rəqabət siyasətinin təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, yeni mexanizmin real səmərəsi yalnız onun praktikada şəffaf və ardıcıl tətbiqindən asılı olacaq.


İlqar Hüseynlinin sözlərinə görə, metodologiyanın dəyişdirilməsi inhisarçılıq problemlərini avtomatik şəkildə aradan qaldırmır və bu prosesdə insan amili həlledici rol oynayır.

O qeyd edib ki, əsas məsələ qəbul olunan qaydaların praktik və ardıcıl şəkildə tətbiq edilməsidir. İqtisadçının fikrincə, rəqabət orqanının kifayət qədər institusional müstəqilliyinin, peşəkar ekspertiza imkanlarının və qəbul edilən qərarların şəffaf əsaslandırılmasının təmin edilməsi vacib şərtlərdəndir.

Ekspert hesab edir ki, bu amillər təmin olunduğu halda, yeni mexanizm bazarda dominant mövqedən sui-istifadə hallarının qarşısının alınmasına, yeni iştirakçıların bazara daxil olmasının asanlaşmasına və investisiya mühitinin yaxşılaşmasına real töhfə verə bilər.

İlqar Hüseynli vurğulayıb ki, qəbul edilən qərar rəqabət siyasətinin təkmilləşdirilməsi istiqamətində mühüm institusional addımdır. Onun sözlərinə görə, bu yeniliyin real effektivliyi tətbiq praktikasından, nəzarət mexanizmlərinin səmərəliliyindən, eləcə də rəqabət orqanının qəbul edəcəyi qərarların şəffaflığı və ardıcıllığından birbaşa asılı olacaq.