Yeni araşdırma göstərir ki, ənənəvi Çin təbabətində min ildən artıqdır istifadə olunan Boğumluca otu kökü saç tökülməsini yavaşlatmaqla yanaşı, saç follikullarının yenilənməsini də dəstəkləyə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər bildirirlər ki, Çin təbabətində “He Shou Wu” adı ilə tanınan bu bitkinin qurudulmuş kökü kişi tipli keçəlliyin müalicəsində təsirli ola bilər.

Kişi tipli keçəllik kimi tanınan androgenetik alopesiya saç follikullarının zamanla kiçilməsinə səbəb olaraq saçların nazikləşməsinə və böyüməsinin zəifləməsinə gətirib çıxarır. Hazırda istifadə olunan finasterid və minoksidil kimi preparatlar bəzi insanlarda müsbət nəticə versə də, cinsi funksiyaların pozulması və baş dərisinin qıcıqlanması kimi yan təsirlərə görə hər kəs üçün uyğun hesab edilmir.

Araşdırmaçılar müəyyən ediblər ki, Boğumluca otu saç böyüməsini dəstəkləyən bir neçə bioloji mexanizmə təsir göstərə bilir. Tədqiqata görə, bitki saç tökülməsində mühüm rol oynayan dihidrotestosteron hormonunun təsirini zəiflədərək saç follikullarını qoruya bilər. Bundan əlavə, follikul hüceyrələrinin vaxtından əvvəl məhvinin qarşısını almağa və baş dərisində qan dövranını artırmağa kömək edə bilər.

Alimlərin fikrincə, bitki hüceyrə böyüməsi, toxuma bərpası və hüceyrələrarası əlaqələrdə iştirak edən bioloji siqnalları da aktivləşdirir. Bu isə saç follikullarının yenidən böyümə mərhələsinə keçmə ehtimalını artırır.

Araşdırmanın müəlliflərindən Han Bixian bildirib ki, tarixi mənbələrdə qeyd olunan təsirlər müasir saç biologiyası ilə diqqətçəkən şəkildə üst-üstə düşür. Onun sözlərinə görə, müasir tədqiqatlar bunun sadəcə folklor deyil, farmakoloji təsir olduğunu təsdiqləyir.

Tədqiqat çərçivəsində laboratoriya araşdırmaları, klinik hesabatlar və tarixi bitki qeydləri birlikdə təhlil edilib. Nəticələr göstərir ki, Boğumluca otu yalnız mövcud saçların qorunmasına deyil, həm də saçların yenilənməsini dəstəkləyən şəraitin formalaşmasına kömək edə bilər.

Araşdırmaçılar qeyd edirlər ki, bitki düzgün emal olunduğu halda təhlükəsizlik baxımından müsbət göstəricilərə malikdir və mövcud dərmanların yan təsirlərindən çəkinən şəxslər üçün alternativ seçim ola bilər. Bununla belə, mütəxəssislər qəti nəticələr əldə etmək üçün daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Piranə Xasiyeva