Cari ildə kampaniya “Otlaq sahələri: Tanı. Hörmət et. Bərpa et” şüarı altında keçirilir. Mütəxəssislərin fikrincə, Yer kürəsinin yarıdan çox ərazisini əhatə edən otlaq sahələri qida təhlükəsizliyinin təmin olunmasında, su dövranının tənzimlənməsində, biomüxtəlifliyin qorunmasında və iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılmasında mühüm rol oynayır. Buna baxmayaraq, dünya üzrə otlaq sahələrinin təxminən yarısı deqradasiyaya məruz qalıb və ya bu təhlükə ilə üzləşib.
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan da səhralaşma riskinin yüksək olduğu ölkələr sırasındadır.
Onun sözlərinə görə, xüsusilə Aran bölgəsində, Qobustan və Siyəzən rayonlarında səhralaşma prosesi daha qabarıq şəkildə müşahidə olunur. Ölkə üzrə təxminən 3 milyon hektar torpaq eroziyaya məruz qalıb, 1 milyon hektardan çox ərazi isə şoranlaşma problemi ilə üzləşib.
Qeyd olunub ki, BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına əsasən, dünya torpaq ehtiyatlarının təxminən 40 faizi deqradasiyaya uğrayıb. Bu isə təkcə ekoloji deyil, həm də iqtisadi və sosial təhlükə hesab olunur. Torpaq məhsuldarlığının azalması kənd təsərrüfatına və insanların rifahına birbaşa təsir göstərir.
Mütəxəssislər səhralaşmanın əsas səbəbləri kimi iqlim dəyişikliklərini, torpaqların qeyri-davamlı istismarını, düzgün qurulmayan suvarma sistemlərini və meşələrin məhv edilməsini göstərirlər. Bildirilir ki, işğal dövründə Qarabağ ərazisində həyata keçirilən qanunsuz meşə qırıntıları da bu prosesi sürətləndirərək ekosistemlərə ciddi zərər vurub.
Aynurə Miriyeva vurğulayıb ki, mövcud vəziyyət kompleks və təxirəsalınmaz tədbirlər tələb edir. Bunun üçün müasir suvarma sistemlərinin tətbiqi, torpaq eroziyasının qarşısının alınması, su qıtlığı olan ərazilər üçün innovativ həllərin hazırlanması və ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən İmişli rayonunun beş kəndində “Məişət tullantılarının səmərəli idarə olunması təşəbbüsləri” mövzusunda seminarlar keçirilir.
Birlik rəhbərinin sözlərinə görə, seminar iştirakçılarının əldə etdikləri bilikləri gündəlik həyatlarında tətbiq etmələri səhralaşmanın qarşısının alınmasına töhfə verə bilər.
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə aclıq və qıtlığın qarşısının alınması, qida təhlükəsizliyinin təmin olunması üçün torpaq ehtiyatlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Ətraf mühitin mühafizəsi isə hər bir vətəndaşın məsuliyyətindən və ekoloji davranışından asılıdır.






