2026-cı il sentyabrın 17-də Özbəkistanda keçirilən Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda Özbəkistan QHT-ləri Milli Assosiasiyası Şurasının sədri Kamoliddin İşanxocayev çıxış edib.

 

QHT.az xəbər verir ki, Kamoliddin İşanxocayev çıxışında bildirib ki, Özbəkistanda qeyri-hökumət təşkilatlarının sayı 2020-ci ildə 9 161 olduğu halda, 2025-ci ilin sonunda 9 627-yə çatıb. Özbəkistan QHT-ləri Milli Assosiasiyasının üzvlərinin sayı isə 532-dən 2025-ci ildə 2 382-yə, 2026-cı ilin birinci yarısında 2 467-yə yüksəlib.

 

O qeyd edib ki, vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən dəstəklənməsinə ayrılan vəsait 2021-ci ildəki 75,7 milyard sumdan (təxminən 6,4 milyon ABŞ dolları) 2026-cı ildə 1,441 trilyon suma (təxminən 121,8 milyon ABŞ dolları) çatıb.

Assosiasiya sədri vurğulayıb ki, bundan sonra əsas meyar ayrılan vəsaitin həcmi deyil, həmin vəsaitin cəmiyyət üçün yaratdığı nəticələr olmalıdır.

 

Çıxış zamanı rəqəmsallaşma və süni intellekt, dezinformasiya, maliyyə dayanıqlılığı, peşəkar potensial və ictimai etimad vətəndaş cəmiyyətinin qarşısında duran yeni çağırışlar kimi göstərilib. Bildirilib ki, bu çağırışlara cavab vermək üçün QHT-lərin təhlil, kommunikasiya və rəqəmsal bacarıqları sistemli şəkildə gücləndirilməlidir.

Kamoliddin İşanxocayevin sözlərinə görə, növbəti mərhələdə güclü institutların formalaşdırılması, yüksək sosial təsirin təmin edilməsi və qərarların qəbuluna real təsir göstərmək əsas meyarlara çevrilməlidir. Bununla yanaşı, vətəndaş cəmiyyətinin fəaliyyət nəticələrinin vahid indikatorlar əsasında qiymətləndirilməsi və regional təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir.