Böyük Britaniyanın keçmiş baş nazir müavini və hazırda texnologiya sektorunda fəaliyyət göstərən Nik Klegg süni intellektin insanlığı məhv edə biləcək “tanrısal gücə” sahib olması ilə bağlı narahatlıqları rədd edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Klegg bu fikirlərin texnologiya şirkətlərinin rəhbərlərinin “öz təbliğatlarına həddindən artıq inanmasının” göstəricisi olduğunu bildirib.

Onun sözlərinə görə, sektorda çalışan bir çox insan süni intellektlə bağlı həyəcanın təsiri altında təhlükələri olduğundan daha böyük görür.

Keçmiş baş nazir müavini texnologiya şirkətlərinin rəhbərlərinin süni intellektin gələcəkdə “tanrısal gücə çevrilərək insanlığa qarşı çıxacağı” kimi ümumi ssenarilər əvəzinə, konkret və mövcud risklərə diqqət yetirməli olduğunu deyib.

Klegg xüsusilə kibertəhlükəsizlik və bioloji silahlar kimi artıq məlum olan potensial təhlükələrin daha ciddi şəkildə nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

O, süni intellektin gələcəkdə insanlıq üçün təhlükə yarada biləcəyi ilə bağlı ümumi qorxuların konkret risklərdən fərqləndirilməli olduğunu qeyd edib.

Zəhra Mansırova