İngiltərə və Uelsdə boşanma ilə nəticələnən evliliklərin daha uzun sürməsinin səbəblərindən birinin həyat xərclərinin artması olduğu bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, boşanma vəkillərinin sözlərinə görə, maddi təzyiqlər bəzi cütlüklərin münasibətlərini bitirməsinə mane olur. Onlar boşanma qərarını təxirə salaraq eyni evdə yaşamağa davam edirlər.
Bu açıqlamalar İngiltərə və Uelsdə boşanma ilə nəticələnən evliliklərin orta müddətinin ötən il rekord səviyyəyə çatdığını göstərən statistikanın açıqlanmasından sonra səsləndirilib.
Milli Statistika İdarəsinin (ONS) çərşənbə günü açıqladığı məlumatlara görə, 2025-ci ildə boşanma ilə başa çatan evliliklərin orta müddəti 13 il olub.
Bu, 1963-cü ildə müvafiq statistikanın aparılmasına başlanıldıqdan bəri qeydə alınan ən uzun müddətdir.
Müqayisə üçün, boşanma ilə nəticələnən evliliklərin orta müddəti 1985-ci ildə 8,9 il təşkil edib. Son göstərici ilə müqayisədə bu müddətin əhəmiyyətli dərəcədə artdığı görünür.
Vəkillər bildirirlər ki, artan yaşayış xərcləri, mənzil və digər gündəlik məsrəflər boşanmaq istəyən cütlüklər üçün ayrıca ev qurmağı maliyyə baxımından çətinləşdirir.
Nəticədə bəzi cütlüklər münasibətlərində problemlər olsa da, maddi səbəblərdən boşanmanı təxirə salmağa və mövcud evdə qalmağa üstünlük verirlər.
Zəhra Mansırova












