ABŞ-nin DARPA qurumu geostasionar orbitdəki peyklərə xidmət göstərə biləcək robot sisteminin sınaqlarını həyata keçirir. RSGS adlı layihə peyklərin orbitdə təmiri, yenilənməsi və fəaliyyət müddətinin uzadılması üçün nəzərdə tutulub.

QHT.az xarici mediaya istinadən bildirir ki, sistemdə hər biri bir neçə hərəkətli hissədən ibarət iki robot qolu və müxtəlif alətlərdən istifadə olunur. Bu qollar peyklərə yaxınlaşaraq texniki müdaxilələr həyata keçirə və onların fəaliyyətini davam etdirməsinə kömək edə bilər.

Texnologiyanın mühüm tərəflərindən biri peyklərin ömrünü uzatmaq imkanından ibarətdir. DARPA-nın məlumatına görə, sistem gələcəkdə peyklərə əlavə hərəkət imkanları verən xüsusi qurğuların quraşdırılmasına da imkan yarada bilər.

Bu cür texnologiyalar kosmosda nasazlaşan peyklərin dərhal əvəzlənməsi ehtiyacını azaltmağa və kosmik infrastrukturdan daha səmərəli istifadə etməyə imkan verə bilər. Layihənin uzunmüddətli məqsədlərindən biri orbitdə texniki xidmət üçün yeni kommersiya sahəsinin formalaşdırılmasıdır.

Piranə Xasiyeva