23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçirilib.
QHT.az xəbər verir ki, konfransın açılışında Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanın laxtalanma pozuntularının beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası" mövzusunda çıxış edib.
Ayaz Hüseynov çıxışında dövlət proqramı çərçivəsində təmin edilən əvəzedilməz laxtalandırıcı faktor preparatlarının regionlarda yaşayan hemofiliyalı pasiyentlərə çatdırılmasının vacibliyini xüsusilə vurğulayıb. O, müalicənin keyfiyyətli təşkili və uşaqlar arasında əlilliyin qarşısının alınması üçün tibb bacılarının bu sahədə bilikli olmalarının, pasiyentin xəstəlik gedişatını izləmələrinin və həkim nəzarəti altında ağırlaşmalar zamanı operativ müdaxilə etmələrinin zəruri olduğunu bildirib.
Konfransın rəsmi hissəsində Milli Məclisin Səhiyyə komitəsinin deputatı Pərvanə xanım Vəliyeva Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirdi və dərman preparatlarının regionlara çatdırılması ilə bağlı inzibati problemlərin qısa zamanda həll edilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən xanım Tarverdiyeva uşaqların əlilliklə üz-üzə qalmaması üçün bütün lazımi addımların atılmasının və mövcud məsələ ilə bağlı təkliflərin verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli çıxışında bildirdi ki, uşaqların sağlam böyüməsi və əlilliyin qarşısının alınması məqsədilə faktor konsentratlarının regionlara çatdırılması gələcəkdə dövlətin bu sahədəki yükünün azalmasında mühüm rol oynayacaq.
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə İbrahimova müalicənin təkmilləşdirilməsində mövcud boşluqların aradan qaldırılmasının, həmçinin dövlət səhiyyə qurumlarının Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası ilə əlaqələndirilmiş şəkildə çalışmasının vacibliyini vurğulayıb.
Daha sonra Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Asya İsmayılzadə "Hemofiliya xəstəliyinin multidisiplinar müalicə modeli və xəstəliyin ağırlaşmaları", "MediClub" xəstəxanasının TTTY (Təcili və Təxirəsalınmaz Tibbi Yardım) həkimi, terapevt Mətin Mahmudov isə "Beynəlxalq standartlara uyğun həyatqurtarıcı təlimlərin təşkili" mövzusunda çıxış ediblər.
Konfransın sonunda aidiyyəti dövlət qurumlarına təqdim ediləcək "Təkliflər Paketi" səsləndirilib. Qeyd edilib ki, hemofiliyanın müalicəsinin təkmilləşdirilməsinə dair təkliflər paketi yaxın günlərdə rəsmi olaraq dövlət qurumlarına təqdim olunacaq.












