ABŞ Konqresində demokratların çoxluq əldə etməsi ölkənin xarici yardımlarının bərpası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının da mümkün maliyyə dəstəyindən faydalana biləcəyi müzakirə olunur. Lakin bu ehtimalın reallaşacağına dair şübhələr var.
QHT.az xarici mediaya istinadən bildirir ki, Devex nəşrinin 24 noyabr tarixli məlumatında ABŞ-da demokratların rəhbərlik etdiyi Konqresin 2025-ci ildə xarici yardım sahəsində baş verən ciddi ixtisarlardan sonra bu istiqamətdə maliyyələşməni bərpa edə biləcəyi məsələsi diqqətə çatdırılıb.
Məqalədə ABŞ-ın mümkün maliyyə dəstəyinin BMT-yə də yönəldilə biləcəyi qeyd olunur. Bununla belə, demokratların BMT-nin maliyyə problemlərinin həllinə nə dərəcədə töhfə verə biləcəyi sual altındadır.
Materialda, həmçinin Barbadosun Baş naziri Mia Mottleyin süni intellektlə bağlı xəbərdarlığına yer verilib. O, bu texnologiyadan qazanc əldə edənlərin məsuliyyət daşımalı olduğunu vurğulayaraq dünyanın süni intellekt sahəsində sosial bərabərsizliklərin dərinləşdiyi bir mərhələyə yaxınlaşdığını bildirib.
Bundan əlavə, yazıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə namizədlərin fəaliyyət planları və humanitar sektorda işəgötürənlərin mütəxəssislərdən gözlədiyi bacarıqlar barədə məlumatların da təqdim edildiyi bildirilir.











