Masallı rayonu Sığdaş kəndinin dini icması özünün maliyyə vəsaiti hesabına kənd məscidinin həyətini asfaltlayıb.
Dini icmadan QHT.az –a verilən məlumata görə, 1400 kvadratmetr ərazinin asfaltlanmasına 16000 manat vəsait xərclənib. Sığdaş kənd məscidi XIX əsrdə inşa edilib, 2002-ci ildə isə əsaslı təmir olunub. Abidə yarım metr hündürlükdə olan səki üzərində tikilib. Məscidin divarları yerli ustalar tərəfindən qırmızı kərpiclə hörülüb. İbadətgahın ön hissəsində iki tağvari qapı, dörd pəncərə, yan tərəflərində isə iki tağvari pəncərə var.
Giriş qapılarına enli və uzun pilləkənlər çəkilib. İbadət evinin həyətində kərpicdən tikilmə bulaq var. Məscidin 25 metr hündürlükdə qoşa minarəsi var. Günbəz və minarələrin üstü qızılı rəngli dəmir təbəqə ilə üzlənib.
Məlumat üçün bildirək ki, Sığdaş kənd məscidi dini icması tərəfindən Silahlı Qüvvələr və Bilik Fondlarlarına, Türkiyədə zəlzələdən zərər çəkmiş qardaşlarımıza, şəhid, imkansız ailələlərə, qazilərimizə maddi dəstək göstərilib.
Pərvanə Fərhadqızı












