Kung-Fu üzrə 4-cü dəfə ölkə güclüləri müəyyənləşib 

 

Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kung-Fu Federasiyasının və “Kung-Fu” Cənub İdman Klubunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında 4-cü Azərbaycan kuboku keçirilib.
İdman tədbirin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, Kung-Fu Federasiyasının prezidenti, millət vəkili Elman Nəsirov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Kung-Fu üzrə Avropa və dünya çempionları, rayonun idman ictimaiyyəti iştirak edib.
Yarışlar öncəsi Dövlət himnimiz səsləndirilib, Ümummili Liderimizin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Sonra meydan idmançıların ixtiyarına verilib.
Ölkənin 15 şəhər və rayon komandasının qatıldığı kubok yarışlarında 200-dən artıq idmançı gücünü sınayıb.
Gərgin mübarizə şəraitində keçən yarışların yekun nəticələrinə əsasən qaliblərə diplom, medal və kubok təqdim olunub.

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.