"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Maraqlar toqquşması haqqında” qanun layihəsi və onun praktikada necə işləyəcəyinin təmin olunması haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"2005-ci ildə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi qaydalarını qanunla təsdiqləmişik. İndi, 21 il sonra, şəxsi maraqlar haqqında daha bir bəyannamə mexanizmi yaradırıq. “Maraqlar toqquşması haqqında” qanun layihəsini oxuyarkən dönüb əvvəlki qanunun taleyinə baxıram. Birinci mexanizmin işləməsinə mane olan səbəblər aradan qalxmayıbsa, ikincidən gözlədiyimiz nəticəni necə alacağıq?
Yeni təşəbbüsü əhəmiyyətli hesab edirəm. Elə buna görə də əvvəlki təcrübənin üzərindən keçmək istəməzdim.
Azərbaycanda gəlir və əmlak barədə məlumat təqdim etmək öhdəliyi hələ 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda təsbit olunub. Sonrakı il təqdimetmə qaydaları da qəbul edilib. Amma bəyannamə formasının təsdiqi kimi ilkin bir məsələ bu qədər müddətdə həllini tapmayıb. OECD-nin 2025-ci il üzrə Azərbaycan hesabatında da buna diqqət yetirilir. Yeni qanunun müzakirəsi əvvəlki qanunun icrasının niyə təmin olunmadığını aydınlaşdırmaq üçün də fürsətdir.
Layihə vəzifəli şəxsin iqtisadi əlaqələrinə daha geniş baxmağa imkan verir. Məmurun yalnız öz adına rəsmiləşdirilmiş əmlakını araşdırmaq kifayət etmir. Şirkət başqa adamın adına ola bilər, amma ona faktiki nəzarəti vəzifəli şəxs həyata keçirər, qazancından da o faydalanar. Dolayı iştirakın, benefisiar mülkiyyətçiliyin, şəxsi və işgüzar əlaqələrin nəzərə alınması belə halları üzə çıxarmağa kömək edə bilər.
Qohumluq məsələsində də hüquqi sərhədi düzgün çəkmək vacibdir. Məmurun qardaşının şirkət sahibi olması özlüyündə hüquqpozma deyil. Həmin məmur qardaşının şirkətinə dövlət sifarişi verilməsi barədə qərarın qəbulunda iştirak edirsə, artıq maraqlar toqquşması ilə üzləşirik. Bunun üçün onun şəxsi hesabına pul köçürülməsini gözləməyə ehtiyac yoxdur.
Şəxsi maraqlar bəyannaməsinin maliyyə bəyannaməsindən fərqi bu nümunədə aydın görünür. Vəzifəli şəxsin gəlirləri qanuni, əmlakının mənbəyi izah edilə bilən ola bilər. Bununla belə, o, dövlət səlahiyyətindən yaxın adamının xeyrinə istifadə edə bilər. Gəlirlə əmlak arasında uyğunsuzluğun olmaması hələ qərarın qərəzsiz qəbul edildiyini göstərmir.
Ona görə şəxsi maraqlar bəyannaməsi əvvəlki maliyyə bəyannaməsini əvəz etmir. Layihənin 25.1-ci maddəsi də nəzarət zamanı hər ikisindən istifadəni nəzərdə tutur. Mən onların vahid elektron sistem üzərindən təqdim edilməsinin tərəfdarıyam. Eyni məlumatı bir neçə dəfə toplamaq əlavə yük yaradır. Əsas iş təqdim edilənləri bir-biri ilə və digər rəsmi mənbələrlə tutuşdurmaqdır.
Layihədə real, potensial və təəssürat yaradan maraqlar toqquşmasının fərqləndirilməsini də əhəmiyyətli sayıram. Belə yanaşma hər dəfə hüquqpozmanın baş verməsini gözləmədən müdaxiləyə imkan verir.
Qərarın qərəzsizliyinə əsaslı şübhə yaradan vəziyyəti vaxtında aydınlaşdırmaq sonradan onun nəticələrini aradan qaldırmağa çalışmaqdan daha faydalıdır.
Ancaq bəyannaməni almaqla onu yoxlamaq arasında ciddi fərq var.
Tutaq ki, vəzifəli şəxs heç bir kommersiya marağının olmadığını yazıb. Başqa şəxsin adına rəsmiləşdirilmiş şirkətə faktiki nəzarəti onun həyata keçirdiyi necə müəyyən olunacaq? Xaricdəki əmlak və dolayı biznes əlaqələri barədə məlumat haradan alınacaq? Bəyannaməni qəbul edib şəxsi işə əlavə etməklə bu suallara cavab tapa bilmərik.
Yoxlama aparan əməkdaşın əlində hansı məlumatlar olacaq? Əmlak, vergi, şirkətlər, benefisiar mülkiyyətçilik və dövlət satınalmaları barədə məlumatları müqayisə edə biləcəkmi?
Bank sirri və digər məxfi məlumatlarla bağlı hansı qanuni prosedurdan istifadə edəcək? Nəzarətin imkanlarını məhz bu sualların cavabı göstərəcək.
Məni başqa bir məsələ də düşündürür. Qurum rəhbəri barədə məlumatı araşdıran əməkdaş vəzifədə qalmasına, irəli çəkilməsinə görə həmin rəhbərdən asılıdırsa, ondan nə qədər sərbəst araşdırma gözləyə bilərik? Burada təkcə əməkdaşın peşəkarlığına güvənmək azdır. Araşdırmanı təzyiqdən çəkinmədən aparması üçün hüquqi təminatlara ehtiyacı var.
Yoxlamaların təşkili də düşünülmüş yanaşma tələb edir. Satınalma qərarı verən, lisenziya verən, dövlət əmlakını idarə edən şəxslərin səlahiyyətləri ilə digər vəzifələrin korrupsiya riski eyni deyil. Yüksək riskli sahələrdə daha dərin yoxlama aparılmasını vacib sayıram. Digər kateqoriyalar üzrə risk əsaslı və təsadüfi seçmə yoxlamalardan istifadə etmək mümkündür.
Layihə aşkar edilmiş maraqlar toqquşmasına müdaxilə üçün də müxtəlif vasitələr təklif edir. Vəzifəli şəxsin qərarın qəbulunda iştirakı məhdudlaşdırıla, səlahiyyətləri dəyişdirilə, aktivləri özgəninkiləşdirilə bilər. Müəyyən şərtlərlə vəzifədən azad olunma da mümkündür. Maraqlar toqquşmasından əldə edilmiş faydanın qaytarılması və müvafiq aktların ləğvi imkanları bu tədbirləri tamamlayır. Praktikada hansı nəticənin alınacağı isə onların tətbiqindən asılıdır.
İctimai nəzarətin imkanları da burada əhəmiyyət qazanır. Medianın yaydığı məlumat araşdırmaya əsas ola bilirsə, jurnalistin həmin məlumatı əldə etmək imkanını da müzakirə etməliyik. Yüksək vəzifəli şəxslərin iqtisadi maraqları barədə ictimaiyyətə hansı məlumatlar açıq olacaq? Şəxsi həyatın, fərdi məlumatların və təhlükəsizliyin qorunması tələblərini nəzərə alaraq bu suala hüquqi cavab vermək mümkündür.
Layihənin ekspertlər, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirəsini buna görə vacib sayıram. Tətbiq zamanı qarşılaşacağımız çətinlikləri indidən görməyin yolu həmin sualları açıq müzakirəyə çıxarmaqdan keçir.
Layihəyə görə, qanun dərcindən altı ay sonra qüvvəyə minəcək. Mən həmin müddətin sonunda bəyannamə formalarının, elektron sistemin və yoxlama prosedurlarının hazır olmasını gözləyirəm. Üstəlik, 2005-ci ildən qalan məsələ də həllini tapmalıdır. İkinci bəyannamə mexanizminin yaradılması birincinin icrasını yenə təxirə salmaq üçün səbəbə çevrilməməlidir.
Bir neçə ildən sonra bizə minlərlə bəyannamənin təqdim edildiyi barədə hesabat verilə bilər. Mən isə neçə bəyannamənin yoxlanıldığını, neçə maraqlar toqquşmasının vaxtında aşkar edildiyini, hansı qanunsuz qərarın qarşısının alındığını və hansı tədbirin görüldüyünü bilmək istəyəcəyəm.
Qanunun səmərəsini bu nəticələrlə qiymətləndirəcəyik. Çünki bəyannamənin mövcudluğu hələ nəzarətin mövcudluğu demək deyil".











