Magistraturaya gənclərin marağının aşağı səviyyədə olduğunu qeyd edən təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib ki, dövlətin ayırdığı plan yerlərinin bir qismi boş qalır. Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə magistratura pilləsinə qəbulun artırılması üçün addımlar atıldığı halda, Azərbaycanda vəziyyət fərqlidir.

Ramin Nurəliyev qeyd edib ki, hazırda magistratura imtahanı 100 sualdan ibarətdir: 50 sual riyaziyyat və məntiq, 25 sual informatika, 25 sual isə xarici dil biliklərini əhatə edir. Onun fikrincə, bu model xüsusilə humanitar ixtisas məzunları üçün əlverişli deyil.

Ekspert imtahan formatında dəyişiklik edilməsini və ixtisas fənlərinin də daxil olunmasını təklif edir. O bildirib ki, bakalavrın oxuduğu ixtisas üzrə sualların imtahanda yer alması daha ədalətli yanaşma olardı.

Ekspertin təklifinə görə, imtahan 100 sual olmaqla yenidən bölüşdürülməlidir: 40 sual ixtisas fənni, 30 sual riyaziyyat-məntiq, 15 sual xarici dil və 15 sual informatika üzrə təşkil oluna bilər. Onun sözlərinə görə, bu dəyişiklik gənclərin imtahana marağını artırar və nəticələrin daha obyektiv qiymətləndirilməsinə imkan verər.

Ramin Nurəliyev əlavə edib ki, magistr bitirənlər üçün əməkhaqqı və karyera baxımından fərqləndirici mexanizmlər də tətbiq olunmalıdır. O hesab edir ki, bu addımlar ümumilikdə magistraturaya marağın artmasına səbəb ola bilər.

Zəhra Ağayeva