Ötən günlərdə Azərbaycan milli qastronomiya komandasının İspaniyanın Barselona şəhərində keçirilən ‘Alimentaria 2026’ beynəlxalq aşpazlar çempionatında bürünc medal qazanması ölkəmizin kulinariya sahəsində mühüm uğuru kimi qiymətləndirilir. Bu uğur Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanınması və gələcəkdə qastronomiya turizminin inkişafı baxımından mühüm uğur və böyük perspektivlərin göstəricisidir.

Mövzu ilə bağlı Qida məsələləri üzrə baş mütəxəssis, Azərbaycan Mütəxəssislər Assosiasiyasının idarə heyətinin üzvü, Ağa Salamov QHT.az-a açıqlama verib. 

O Barselonada keçirilən Alimentaria 2026 yarışmasında Azərbaycan təmsilçilərinin əldə etdiyi nəticəni yüksək qiymətləndirərək bildirib ki, bu yarış dünyanın ən çətin kulinariya müsabiqələrindən biri hesab olunur və burada qazanılan medal böyük uğur sayılmalıdır.

A.Salamovun sözlərinə görə, yarışlar arasında ciddi fərqlər mövcuddur və hər müsabiqənin öz çətinlik səviyyəsi var. O, şəxsi təcrübəsini misal çəkərək qeyd edib ki, 2014-cü ildə Türkiyədə keçirilən qastronomiya festivalında iki gümüş medal, 2018-ci ildə isə Maltada yenidən iki gümüş medal qazanıb. Onun fikrincə, eyni nəticənin əldə olunması hər zaman eyni performans anlamına gəlmir, çünki yarışların qaydaları və münsif heyətinin qiymətləndirmə prinsipləri fərqlidir.

Ağa Salamov bildirib ki, xüsusilə Malta və Barselonada təşkil olunan yarışlar son dərəcə sərt qaydalarla seçilir. “Yarışla yarışda fərq var. Bu çox ağır, məsuliyyətli və tam ədalətli yarışdır” – deyə o vurğulayıb.

Müsahibimiz vurğulayıb ki, belə yarışlarda iştirakçılar yalnız yeməyin dadına görə deyil, həm də qida balansı, zülal-karbohidrat nisbəti, gigiyena, məhsulların saxlanma temperaturu və təqdimat standartlarına görə qiymətləndirilirlər. Onun sözlərinə görə, bəzi münsiflər hətta tərəzi və termometrlə iştirakçıların işini yoxlayır.

A.Salamov qeyd edib ki, xarici ölkələrin yarış iştirakçıları çox vaxt bütün avadanlıqlarını yük maşınları ilə gətirirlər. Azərbaycanlı iştirakçılar isə məhdud imkanlarla, hava limanı qaydalarına uyğun şəkildə az sayda avadanlıq aparmağa məcbur olurlar. Buna baxmayaraq, onların əldə etdiyi nəticə xüsusi əhəmiyyət daşıyır.

“Bu uşaqlar öz güclərinə, öz zəhmətləri ilə Azərbaycan bayrağını qaldırıb böyük uğur qazanıblar” – deyə Ağa Salamov bildirib.

Onun sözlərinə görə, Azərbaycan kulinariya sahəsində böyük maliyyə dəstəyi olmadan belə beynəlxalq arenada mühüm nəticələr əldə edir. Salamov hesab edir ki, Barselonada qazanılan üçüncülük faktiki olaraq dünya səviyyəli uğur kimi qiymətləndirilməlidir və bu nəticə gələcək mərhələlər, o cümlədən olimpiadaya vəsiqə baxımından da mühüm əhəmiyyət daşıyır.

Sonda Ağa Salamov yarış iştirakçılarına gələcək müsabiqələrdə daha böyük hədəflər qoymağı tövsiyə edib. O bildirib ki, komanda ruhdan düşməməli, növbəti yarışlarda artıq qızıl medalı əsas məqsəd kimi müəyyənləşdirməlidir.

Fatimə Nəbiyeva