ABŞ Dövlət Departamenti Katolik Yardım Xidmətinə 240 milyon dollardan çox humanitar yardım ayırdığını açıqlayıb. Bu, ABŞ hökumətinin etibarlı tərəfdaş hesab etdiyi təşkilatlara təqdim etməyi planlaşdırdığı bir sıra iri maliyyə paketlərinin ilkidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, yardım qərarı iyunun 5-də İtaliyanın paytaxtı Romada elan olunub. ABŞ Dövlət Departamenti bildirib ki, ayrılan vəsait dünyanın müxtəlif bölgələrində baş verən böhranlara operativ reaksiya verilməsi və həyati əhəmiyyət daşıyan yardım fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Qurumun açıqlamasında qeyd olunub ki, maliyyələşdirilən layihələr fövqəladə hallara 24 saat ərzində cavab vermək imkanına malik olacaq və ehtiyac yaranan bölgələrdə qısa müddətdə fəaliyyətə başlayacaq.
Ayrılan vəsait ərzaq təhlükəsizliyi, qidalanma, səhiyyə, sığınacaq, su və sanitariya xidmətləri kimi sahələri əhatə edəcək. Yardım əsasən humanitar ehtiyacların yüksək olduğu Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Nigeriya və Sudan kimi ölkələrə yönəldiləcək.
Maliyyənin bir hissəsi həmçinin Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı mübarizə tədbirlərinə və qəfil baş verən təbii fəlakətlərə operativ reaksiya üçün CRS-in qlobal fövqəladə yardım fonduna ayrılacaq.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, bu təşəbbüs dünya üzrə humanitar böhranlardan əziyyət çəkən insanların təcili ehtiyaclarının qarşılanmasına dəstək vermək məqsədi daşıyır.
Piranə Xasiyeva






