Afrika ölkələrində beynəlxalq yardım büdcələrinin azalması fonunda bəzi icmalar inkişaf layihələrini maliyyələşdirmək üçün yeni yanaşmalara üz tuturlar. Mütəxəssislər hesab edirlər ki, yerli vəsaitlərlə donor dəstəyini birləşdirən “yerli qarışıq maliyyələşdirmə” modelləri mövcud boşluqların qismən doldurulmasına kömək edə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Keniyanın mərkəzində yerləşən Kaibuçi kəndinin sakini və din xadimi Valeriano Kubai illərdir icma layihələri üçün vəsait toplamaqla məşğuldur. Onun sözlərinə görə, kənd sakinləri uzun müddət xəstələrin tibb müəssisələrinə çatdırılması, aztəminatlı ailələrin məktəb xərclərinin qarşılanması və digər sosial ehtiyaclar üçün birgə maliyyə toplasalar da, bu səylər bütün problemlərin həlli üçün kifayət etməyib.
Son illərdə kənd sakinləri içməli su problemini həll etmək məqsədilə artezian quyusunun qazılması üçün də vəsait toplamağa başlayıblar. Bundan əvvəl kənd əhalisi yeganə su mənbəyi kimi bataqlıqdan qidalanan çaydan istifadə edirdi.
Mütəxəssislər bildirirlər ki, çirklənmiş su mənbələri vəba, tif, ishal və müxtəlif parazitar xəstəliklərin yayılmasına səbəb olur. Bu səbəbdən təhlükəsiz suya çıxışın təmin edilməsi icmaların sağlamlığı və rifahı baxımından əsas prioritetlərdən biri hesab edilir.
Analitiklərin fikrincə, beynəlxalq yardımın azalması şəraitində yerli maliyyə təşəbbüslərinin gücləndirilməsi vacibdir. Bununla belə, onlar qeyd edirlər ki, icmaların topladığı vəsaitlər böyük inkişaf problemlərinin həlli üçün kifayət etmir və əlavə tərəfdaşlıq mexanizmlərinə ehtiyac qalır.
Piranə Xasiyeva






