Kaliforniyanın Kupertino şəhərində keçirilən illik Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) təqdim olunan “Siri AI” daha təbii ünsiyyət qura bilən, ayrıca tətbiq kimi işləyən və istifadəçinin ekranındakı məzmunu analiz edə bilən yeni köməkçidir. Sistem həmçinin internetdən məlumat toplayaraq istifadəçiyə daha geniş cavablar təqdim edə bilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, yeni Siri istifadəçilərə əvvəlki söhbətlərinə qayıtmaq imkanı verəcək. Bundan əlavə, köməkçi mesajlarda qeyd olunan, lakin cihazda ayrıca saxlanılmayan ünvan və digər məlumatları da tapa biləcək.

Bu yenilik Apple-ın Siri-ni yenidən rəqabətədavamlı etmək istiqamətində atdığı ən böyük addım hesab olunur. Son illərdə OpenAI-ın ChatGPT-si, Anthropic-in Claude modeli və Google-un Gemini sistemi süni intellekt sahəsində daha sürətli inkişaf edərək mürəkkəb tapşırıqları yerinə yetirə bilən “agent” texnologiyalarını gündəlik istifadəyə inteqrasiya ediblər.

Apple bildirir ki, yeni Siri istifadəçilərin şəxsi məlumatlarının qorunmasına xüsusi diqqət yetirəcək. Şirkət süni intellekt imkanlarını genişləndirərkən məxfilik və təhlükəsizlik prinsiplərini əsas prioritet kimi saxladığını vurğulayır.

Bununla belə, Siri AI ilkin mərhələdə Avropa İttifaqında iOS və iPadOS istifadəçiləri üçün, həmçinin Çində əlçatan olmayacaq.