ABŞ hökuməti və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyinin azalmasından sonra Afrika və Asiya ölkələrində HIV xidmətlərində ciddi geriləmə müşahidə olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə məlumatı Klinton Sağlamlığa Çıxış Təşəbbüsü tərəfindən yayımlanan yeni araşdırma ortaya qoyub. Hesabata əsasən, 2025-ci ildə HIV-in profilaktikası məqsədilə istifadə olunan PrEP xidmətlərinə başlayan insanların sayı 2024-cü illə müqayisədə 10 ölkə üzrə 42 faiz azalıb.
Araşdırma göstərir ki, eyni dövrdə səkkiz ölkədə aparılan HIV testlərinin sayı 12 faiz, müalicəyə cəlb edilən uşaqların sayı isə 15 faiz azalıb.
CHAI-nin HIV, hepatit və vərəm proqramları üzrə vitse-prezidenti Kerolin Amol bildirib ki, maliyyə ixtisarlarından sonra vəziyyətin yaxşılaşacağı gözlənilsə də, hələlik bunun əlamətləri görünmür.
Onun sözlərinə görə, əsas göstəricilər üzrə bərpa prosesi baş verməyib və HIV xidmətləri əvvəlki səviyyəsinə qayıda bilməyib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, profilaktika, test və müalicə xidmətlərində davam edən azalma HIV-lə mübarizədə son illərdə əldə olunan nəticələri təhlükə altına qoya bilər. Onların fikrincə, beynəlxalq maliyyələşmənin zəifləməsi xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinə ciddi təsir göstərir.
Araşdırma müəllifləri HIV xidmətlərinin davamlılığını təmin etmək üçün donor dəstəyinin və milli maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Piranə Xasiyeva






