Araşdırmalar göstərir ki, yüz il öncə dünya üzrə meşə fondu indikindən iki dəfə artıq olub. Hal-hazırda yer kürəsində meşə ilə örtülü olan ərazilər dörd milyard iki yüz milyon hektara yaxındır. Demək, bir əsr öncə yaşıllıqlarımız indikindən ikiqat artıq olub.
Dünya florasının belə sürətlə azalması, paralel olaraq faunanın da azalması deməkdir. Meşələr, bitkilər aləmi, atmosfer havasını oksigenlə təmin edən bir nömrəli vasitə hesab olunur. Oksigenin əmələ gəlməsində digər proseslərin mövcudluğu yaşıllıqlarla müqayisədə çox az olduğundan, onları müqayisə etməyə belə dəyməz. Beləliklə, yaşıllıqların şahı sayılan meşələr yenə önə çıxır. Fotosintez prosesi nəticəsində bitkilərin yaşıl yarpaqları günəş şüalarının köməyi ilə atmosferdən karbon qazını, torpaqdan isə su və mineral maddələr sintez etməklə bu həyat əhəmiyyətli işi yerinə yetirirlər. Bir mənalı demək olar ki, yer kürəsində mürəkkəb maddələr mübadiləsinə də səbəb olan da məhz həyat əhəmiyyətli fotosintez prosesidir.
Ötən əsrlə müqayisədə bugün baş verən yanğınları müasir texniki vasitələrdən istifadə etməklə qısa müddətdə söndürmək mümkündür.
Təxminən on il öncə İsmayıllı rayonunda «Tırcan» adlanan meşə sahəsində, eyni zamanda bələdiyyə ərazisində yanğın baş vermişdi. Səhər tezdən olduğundan, hadisəni ilk görənlərdən biri biz olduq. Yanğın ərazisinə yol olmadığı üçün Fövqaladə Hallar Nazirliyinə zəng etdik. Bir saat sonra iki təyyarə və bir amfibi nəhəng təyyarə əlçatmaz bir yerdə olan çox böyük bir ərazini başına alan alovu söndürməyə başladılar. Yeddi saata yaxın dayanmadan çalışan, alovla mübarizə aparan yanğınsöndürən təyyarəçilərin fədakarlığı az qala qəhrəmanlığa bərabər idi. Oksigen çatışmamazlığı şəraitində çalışan fövqaladə şahinləri sonda yanğını ram etdilər. Onların peşəkarlığı, vətənpərvərliyi qarşısında baş əyməyə dəyərdi. Həmin yanğında kiçik zədələr alan meşə işçilərimiz də oldu. Dünyanın bir çox ölkələrində baş verən meşə yanğınları ilə asanlıqla mübarizə aparmaq üçün köməyə gələnlərə əvvəlcədən şərait yaradılır, almanların təcrübəsini öyrənmək işin xeyrinə olardı.
Almaniyada istənilən meşə ərazisində baş verən yanğınlara ən qısa müddətdə müdaxilə etməklə söndürmək mümkündür. Çünki yanğına risqli bütün meşə sahələrinə avtomobil yolları əvvəlcədən çəkilmişdir. Ərazilərin yaxınlığında su anbarları ilə yanaşı, boru xətləri və digər lazımi avadanlıqlarla təmin olunub.
Alman ekoloqları yanğına risqli meşə sahələrinə yol çəkməyin yüzlərlə hektar yaşıl təbii sərvətin məhvinə səbəb olmasını ürək ağrısı ilə xatırlayırlar, lakin daha böyük meşə ərazilərini yanğından mühafizə etmək üçün bunu etməyin yeganə yol olduğunu deyirlər. Almanlar meşədə yanğınların qarşısını almaq məqsədi ilə bura istirahətə gələnlər üçün xüsusi yerlər ayırırlar. Burada turistlərin lazımi məişət avadanlıqları ilə də təmin olunması da yaddan çıxmayıb. Yandırılan ocaqlar belə şəraitli meşədə heç bir təhlükə yarada bilməz. Almaniya-Fransa və ölkənin apardığı digər müharibələrdə milyonlarla hektar meşə sahəsi tamamilə məhv olmuşdu. Bu gün isə ölkənin meşə ərazisi bütün göstəricilərinə görə dünyada nümunə kimi göstərilir.
İyul ayında Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə birliyimiz ölkəmizin meşə təsərrüfatına malik dörd rayonunda «Meşə yanğınlarına qarşı mübarizə sahəsində maarifləndirmə» tədbirini həyata keçirdi. Ağsu rayonunun Kalva kəndində yerli sakinlər meşə ərazilərini kol-kos basdığından, yanğın olan zaman onu söndürmək üçün hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkdiklərini və problemin həlli etmək üçün bizdən kömək göstərməyi xahiş etdilər. Kənd camaatının xahişini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdırırıq.
Meşə sahələrində baş verən yanğınlarda əsas günahkar insanlardır. Təbii hallarda, yəni ildırım çaxma və güclü küləklərdə sürtünmə nəticəsində yanğınlar çox nadir hallarda baş verdiyi üçün, bunu problem kimi qəbul etmək olmaz.
Meşədə istirahət edərkən yandırdığımız tonqalın üzərinə su töküb ərazini tərk edirik. Araşdırmalar göstərir ki, ocağın üzərinə su tökməklə o tam sönmür. Ocağın üzərinə su tökdükdən sonra mütləq torpaq atılmalıdır ki, o tam sönsün. Ocaq yandırılarkən seçilən yer ağac və kollardan aralı olmalıdır ki, qəfil baş verən küləklərdə alovun qığılcımları yaşıllıq sahəsinə sıçramasın. Bəzən siqaret kötüklərinin və yaxud məişət tullantılarının hara gəldi atılması da meşəni yanğın risqi altında qoya bilər. Hər birimiz təbiətə, onun şah əsəri sayılan meşələrin qayğısına qalmağı bir mənəvi borc kimi qəbul etməliyik.
Yer kürəsində yaşıllıqlar olmasaydı, bəşəriyyətin mövcudluğu sual altında olardı. «Bəli, təbiətə münasibətdə yubanmaq, çox yaşamağa yubanmaqdır!»
«Mühit» EMİB-nin sədri
Əzizağa Hümbətəliyev






