Azərbaycan Dillər Universitetində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan infosessiya gənclərin beynəlxalq proqramlara çıxışının artıq ölkədə prioritet istiqamətlərdən birinə çevrildiyini bir daha nümayiş etdirir. Tədbir çərçivəsində təqdim olunan imkanlar və verilən məlumatlar bu sahədə dövlət tərəfindən sistemli və ardıcıl dəstəyin formalaşdırıldığını göstərir.
“Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov QHT.az-a açıqlamasında bildirib ki, son illərdə həyata keçirilən dövlət proqramları, təqaüd imkanları və beynəlxalq əməkdaşlıqlar gənclərin xaricdə təhsil alması, mübadilə və inkişaf proqramlarında iştirak etməsi üçün real zəmin yaradır.
Onun sözlərinə görə, infosessiyaların təşkili və açıq çağırışların elan olunması gənclərin məlumatlılıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu cür təşəbbüslər gənclərin mövcud imkanlardan xəbərdar olmasına və həmin imkanlardan yararlanmaq üçün motivasiyasının güclənməsinə səbəb olur”.
Tural Nurməmmədov qeyd edib ki, bu prosesdə yalnız dövlətin fəaliyyəti kifayət etmir və vətəndaş cəmiyyətinin rolu daha da gücləndirilməlidir. Onun fikrincə, qeyri-hökumət təşkilatları beynəlxalq proqramlarla bağlı məlumatların daha əlçatan formada təqdim olunmasında, müraciət mexanizmlərinin izahında və gənclərin praktiki bacarıqlarının inkişafında mühüm rol oynaya bilər.
O, həmçinin vurğulayıb ki, regionlarda yaşayan gənclərlə iş daha da intensivləşdirilməlidir. “Paytaxtla müqayisədə region gənclərinin informasiya və resurslara çıxışı nisbətən məhduddur. Bu baxımdan, yerli təşəbbüslərin artırılması, təlim və mentorluq proqramlarının təşkili vacibdir”, – deyə o əlavə edib.
Ekspert hesab edir ki, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq daha sistemli və davamlı xarakter almalıdır. Bu əməkdaşlıq yalnız məlumatlandırma ilə məhdudlaşmamalı, eyni zamanda gənclərin beynəlxalq proqramlara hazırlanması, təcrübə mübadiləsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi istiqamətində inkişaf etdirilməlidir.
Sonda Tural Nurməmmədov bildirib ki, Azərbaycanda gənclərin beynəlxalq imkanlara çıxışı üçün formalaşan mühit müsbət istiqamətdə inkişaf edir. Onun sözlərinə görə, bu potensialdan maksimum istifadə üçün dövlət dəstəyi ilə yanaşı, vətəndaş cəmiyyətinin daha fəal və inklüziv yanaşması vacib olaraq qalır.
Zəhra Ağayeva












