Azərbaycanda gənclərin beynəlxalq proqramlarda, xüsusilə də xaricdə təhsil imkanlarında iştirakı son illər daha da genişlənir. Bu imkanlar həm ölkənin inkişafı, həm də gənclərin peşəkar formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sahədə dövlət siyasətinin tarixi kökləri var. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli kadrların hazırlanması məqsədilə gənclər Avropanın müxtəlif ölkələrinə təhsil almağa göndərilmişdi. Sonrakı dövrlərdə də bu siyasət davam etdirilib və müstəqillikdən sonra beynəlxalq əməkdaşlıqlar çərçivəsində daha da genişlənib.
Hazırda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə gənclər dünyanın müxtəlif ölkələrində, xüsusilə informasiya texnologiyaları və süni intellekt kimi prioritet sahələr üzrə təhsil alırlar.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib ki, bu proqramlardan yararlanmaq üçün gənclərin yüksək akademik göstəriciləri və güclü ingilis dili bilikləri olmalıdır.
Onun sözlərinə görə, dövlət hesabına xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra işlə təmin olunması da vacib məsələlərdəndir və bu istiqamətdə artıq addımlar atılır.
Məleykə Əlizadə qeyd edib ki, proqramların daha da genişləndirilməsi məqsədəuyğundur: “Daha çox universitetlərlə əməkdaşlıq qurulmalı, eyni zamanda qısamüddətli kurslar vasitəsilə də gənclər xaricə yönləndirilə bilər. Bu, ölkənin inkişafına töhfə verəcək”.
Zəhra Ağayeva












