Son illərdə gənclər arasında gecə aktivliyinin artması diqqət çəkir. Gündüz yorğun və passiv görünən bir çox gənc, gecə saatlarında daha enerjili və aktiv olur. Bu halın arxasında həm psixoloji, həm də texnoloji amillərin dayandığı müşahidə edilir.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı QHT.az - a açıqlamasında bildirib ki, bir qrup gənclə apardığımız şifahi söhbətlər əsasında demək olar ki, gənclər əyləncəni harada tapırlarsa, daha çox həmin istiqamətə yönəlirlər.

O bildirib ki, bu baxımdan, gənclərlə iş sahəsində peşəkar kadrlar çalışmalı, öyrədici, lakin gənclərə ilk baxışda maraqsız və yorucu görünən mövzuları qeyri-formal təhsil prinsipləri əsasında elə təqdim etməlidirlər ki, gənclər özləri prosesə maraq göstərsinlər.

Gənclərlə iş sadəcə “event menecment” deyil. Bu, daha kompleks və məqsədyönlü fəaliyyət sahəsidir. Burada oyunlar, teatr elementləri, əyləncə və incəsənət əsas məqsədə xidmət etməlidir. Təəssüf ki, bəzi hallarda müəyyən təşkilatların fəaliyyətində məqsədin yalnız oyun və əyləncə olduğu müşahidə olunur. Bu isə gənclərə uzunmüddətli fayda vermir və zamanla onların gənclərlə iş sahəsindən uzaqlaşmasına səbəb olur.

Şahin Rəhmanlı qeyd edib ki, ölkəmizdə gənclərlə iş sahəsində çoxsaylı və davamlı fəaliyyətlər həyata keçirilir. Lakin bir çox hallarda NEET (nə təhsildə, nə məşğulluqda, nə də təlimdə iştirak edən) qrupuna aid gənclər bu imkanlardan kənarda qalır və öz aktivliklərini başqa sahələrdə axtarmağa çalışırlar. Gənclərlə işləyən qurumların qarşısında duran əsas vəzifələrdən biri də məhz həmin gənclərə çatmaq və onları prosesə cəlb etməkdir. Bunun üçün isə peşəkar kadrlara, təlimçilərə və mobil gənclərlə işləyən mütəxəssislərə ehtiyac var.

Müsahib bildirib ki, tövsiyələrə gəlincə isə, onları sağlam həyat tərzindən uzaqlaşdıran səbəblər araşdırıldıqdan sonra daha dəqiq şəkildə formalaşdırmaq olar. Ümumi tövsiyələr isə bunlardır: idmanla məşğul olmaq, faydalı hobbilər seçmək, səhər erkən oyanmaq, sosial şəbəkələrdən asılılığı azaltmaq, mütaliə etmək (gündəlik ən azı 20 səhifə), mədəni tədbirlərdə iştirak etmək, açıq havada vaxt keçirmək, gənclər üçün təşkil olunan təlim və proqramlara qoşulmaq.

Yay tətili dövründə həm yerli, həm də beynəlxalq gənclər düşərgələri təşkil olunur. Xüsusilə Gənclər və İdman Nazirliyinin və müxtəlif QHT-lərin həyata keçirdiyi proqramlara qoşulmaqla gənclər yeni əlaqələr qura, bilik və bacarıqlar əldə edə, eyni zamanda yeni yerlər görə bilərlər.

Şahin Rəhmanlı son olaraq vurğulayıb ki, həmyaşıdın həmyaşıda təsiri və təhsili hər zaman böyük rol oynayıb. Gənclər yalnız öz inkişafları ilə kifayətlənməməli, ətraf mühitin də sağlamlaşmasına töhfə verməlidirlər. Bu halda daha təhlükəsiz, sağlam və planlı gələcək qurmaq mümkün olacaq.

Piranə Xasiyeva