Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elmi konfrans keçirilib.
Konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələr iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev konfransın əhəmiyyətini vurğulayıb. Professor, öz növbəsində, fövqəladə hallar, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində elmi yeniliklərin tətbiqinin vacibliyini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.
Konfransda çıxış edən ATGTİ-nin sədri Pərviz Mirələmli təhsil müəssisələrində fövqəladə hallarla bağlı maarifləndirmənin təşklinin vacibliyini bildirib. Həmçinin, natiq bu kimi tədbirlərin digər ali təhsil müəssiələrində də təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Sonra konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.
Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub, konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.












