Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Xidmətin əməkdaşlarının iştirak etdikləri tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana istər sovet dönəmində, istərsə də müstəqillik illərində rəhbərliyi dövründə ölkəmizin müstəqilliyi, inkişafı, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin qorunması üçün misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider cəmiyyətin bütövləşməsi, milli-mənəvi və əxlaqı dəyərlərin, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını hazırlayıb. Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Dahi Rəhbərin Azərbaycana verdiyi misilsiz töhfələrdən biridir.
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayan natiqlər qeyd ediblər ki, xalqa və dövlətə şərəfli xidmət missiyasını qətiyyətlə həyata keçirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmiz dinamik inkişafı ilə dünya birliyinin layiqli üzvünə çevrilib.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.












